Yuxarı

​Azərbaycan Gürcüstandan ixrac həcmini 18,6% azaldıb

2014-cü ilin yanvar-oktyabrında Azərbaycandan Gürcüstana ixrac həcmi 4% artıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstandan Azərbaycana ixrac həcmi 2013-cü ilin analoji dövrü ilə müqayisədə 18,6% (108,3 milyon dollar) aşağı düşüb və 474 mln. dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ixrac həcminin 19,5%-nə bərabərdir.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın "Sakstat" Milli Statistika Xidmətinin məlumatında bildirilir.

2014-cü ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 232 mln. dollar həcmində minik avtomobili ixrac olunub ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 98,4 mln dollar azdır.

Hesabat dövrü ərzində Azərbaycana 51 mln. dollar məbləğində armatur ixrac olunub ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 17,3 mln. dollar çoxdur.

Bu dövr ərzində Azərbaycandan Gürcüstana idxal həcmlərində artım qeydə alınıb.

Cari ilin yanvar-oktyabrında 2013-cü ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana idxal həcmi 4% artıb və 509,4 mln. dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi idxal həcminin 7,3%-nə bərabərdir.

Sözügedən dövr ərzində neft qazları və qazaoxşar karbohidrogenlərin idxal həcmi (təbii qaz) təqribən 1,1 mln ton, yəni 222,5 mln dollar təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 34,3 mln dollar artıqdır.

Hesbaat dövrü ərzində Azərbaycandan Gürcüstana 200,5 mln. dollar məbləğində 225 min ton neft və neft məhsulları idxal olunub ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 9,3 mln. dollar azdır.

2014-cü ilin yanvar-oktyabrında Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları olan ölkələr arasında ikincidir. Gürcüstanın göstərilən dövr ərzində Azərbaycanla xarici ticarət dövriyyəsi 983,1 mln. dollardan çox təşkil edib ki, bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,3% azdır.

Azərbaycanla dövriyyə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin cəmi 10,4%-ni təşkil eedib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi