Yuxarı

​Azərbaycan-AYİB əlaqələri müzakirə edilib

Nazir: AYİB-in kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməsi məqsədəuyğundur

Bakı. 21 oktyabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Fil Bennetti qəbul edib.

"Report"un verdiyi xəbərə görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycanla AYİB arasındakı səmərəli əməkdaşlığın çoxşaxəli olduğunu, infrastruktur, enerji, banklara kredit xəttinin açılması və s. kimi sahələri əhatə etdiyini vurğulayıb. AYİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə toxunan nazir korporativ idarəetmə, kənd təsərrüfatı üzrə kiçik və orta sahibkarlığa dəstək, göllərin təmizlənməsi və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb. Qeyd olunub ki, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı iqtisadiyyatın prioritet istiqamətlərindəndir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində bu sahədə bir sıra işlər görülür. AYİB-in kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməsi məqsədəuyğundur.

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Fil Bennett AYİB ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, ölkə iqtisadiyyatının müxtəlif sahələrində bir sıra layihələrin icrasına maliyyə dəstəyi göstərildiyini qeyd edib. F.Bennett korporativ idarəetmənin genişləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin mühafizəsi və s. sahələri əməkdaşlıq üçün əsas sahələr kimi diqqətə çatdırıb.

Görüşdə həmçinin, Azərbaycan və AYİB arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi