Yuxarı

“Azerbaijan British College” şagirdləri Beynəlxalq Yer Kürəsi Gününü “Eko park”da qeyd ediblər

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəklədiyi “Azerbaijan British College” məktəbinin şagirdləri 22 aprel Beynəlxalq Yer Kürəsi Günü münasibəti ilə “Eko park Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyində olublar.

“Report” xəbər verir ki, şagirdlər “Eko park” ərazisi ilə tanış olub, onlara SOCAR-ın ekoloji layihələri haqqında məlumat verilib. Məktəblilər “Eko park”ın ərazisində yeni ağaclar əkiblər.

SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, Beynəlxalq Yer Kürəsi Günü BMT-in himayəsi ilə 2010-cu ildən başlayaraq hər il aprelin 22-də qeyd edilir: “Hesablamalara görə, yer kürəsinin 4,5 mlrd. il yaşı var. Bu gün hər birimiz öz həyətimizi, küçəmizi yaşıllaşdırmaqla bizim böyük ortaq evimiz olan Yer Kürəsinin qorunmasına öz töhfəmizi verə bilərik. Bu gün siz hərəniz bir ağac əkib özünüzlə aparıb onun böyüməsini müşahidə edəcəksiniz. İstərdim ki, bu gün bu, ənənə halını alsın və biz bu tədbiri hər il keçirək. Mən sizi bu bayram münasibəti ilə təbrik edir və hər il bu tədbirə qoşulmağa dəvət edirəm”.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, yüksəkkeyfiyyətli müasir təhsilə dəstək və ətraf mühitin qorunması ölkəmizin dayanıqlı inkişafına ən böyük töhfələr verən sərmayələrimizdir: “Odur ki, biz Azərbaycan Prezidenti İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” çağırışına cavab olaraq Azərbaycanda yüksək savada malik və ətraf mühitin qayğısına qalan gənc nəslin yetişməsinə öz töhfələrimizi verməyə davam edəcəyik”.

Xatırladaq ki, 2011-ci ildən istifadəyə verilmiş “Ekoloji Park” 9,3 hektar sahədə yaradılıb. Parkın elektrik enerjisinə olan tələbatının azı 50 faizi alternativ enerji mənbələri hesabına təmin olunur. Həmçinin parkın ərazisində hər biri 10 kilovat-saat enerji hasil etmək üçün 4 külək generatoru, eləcə də ümumi gücü 20 kilovat-saat olan günəş batareyaları quraşdırılıb. Alternativ enerji mənbələrinin hesabına hasil olunacaq elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edir.

ABC Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və SOCAR tərəfindən 2012-ci ildə Britaniya məktəbi kimi yaradılıb. Məktəbdə Azərbaycan da daxil olmaqla, 17 müxtəlif ölkədən 480 şagird təhsil alır, 20 nəfərdən artıq xarici mütəxəssis işləyir. Azərbaycan Britaniya Kolleci Kembric Beynəlxalq İmtahan Mərkəzi və Edexcel Mərkəzi tərəfindən akkreditasiya olunub. Məktəb CİS üzvüdür. ABC Kembric Beynəlxalq İmtahan Mərkəzinin keçirdiyi beynəlxalq IGCSE imtahanlarında göstərdiyi nəticələrə xüsusi olaraq fərqlənib. Məktəbin şagirdləri 2016-cı ildə V DOESEF Beynəlxalq layihə yarışmasında Kimya kateqoriyası üzrə gümüş medala, Nyu-York şəhərində təşkil olunan, 73 ölkədən 1200 nəfərin qatıldığı “Genius Olympiad-2017” yarışmasında isə təbiət fənnləri üzrə qızıl medala layiq görülüblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi