Yuxarı
    Bağlamaq

    Abşeronda ​çoxmərtəbəli binalarda mənzil sahiblərinə kütləvi qaydada çıxarış verilib

    250 vətəndaşa mənzillərinə dair dövlət reyestrindən çıxarış təqdim olunub

    Bakı. 18 noyabr. REPORT.AZ/ Abşeron rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib. Xırdalan şəhərində mənzil sahibi olan 350-ə yaxın vətəndaşa kampaniya çərçivəsində qeydiyyat xidmətləri göstərilib. Əmlak Məsələləri Dövlət Komitəsindən "Report"a daxil olan xəbərə görə, kampaniya çərçivəsində mobil ofis xidmətləri vasitəsilə qeydiyyat xidmətləri birbaşa vətəndaşların ünvanına çatdırılıb. Komitənin xüsusi nəqliyyat vasitələrində Xırdalanda yerləşən hündürmərtəbəli binadakı 250-yə yaxın vətəndaşa onların mənzillərinə dair dövlət reyestrindən çıxarış təqdim olunub. 100-ə yaxın vətəndaş çıxarışla əvəz olunması məqsədilə ilkin mülkiyyət sənədlərini təhvil verib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı bildirilib. Mənzillərə, torpaq sahələrinə çıxarışların, texniki pasportların, yüklülük arayışlarının və digər sənədlərin əldə olunması ilə bağlı vətəndaşların veridiyi suallar cavablandırılıb, hüquqi məsləhətlər verilib.

    Qeyd edək ki, kampaniya çərçivəsində qanunvericiliyə uyğun olaraq yalnız istismara qəbul aktı olan yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzillərə dair çıxarışlar verilir. Eyni zamanda, bu xidmətlər üçün yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqları elektron qaydada və ya bank vasitəsilə ödənildikdən sonra göstərilir. Həmçinin, birbaşa ünvanlarda təşkil edilən bu kampaniya və yerlərdə qeydiyyat xidmətlərinin göstərilməsi üçün dövlət rüsumu və xidmət haqqından əlavə heç bir ödəniş tələb olunmur.

    Xatırladaq ki, çoxmərtəbəli binalardakı mənzil sahibləri qanunla müəyyən edilmiş sənədləri, o cümlədən istismara qəbul aktını ərazi qeydiyyat idarəsinə təqdim etməklə də, yalnız dövlət rüsumu və xidmət haqlarını ödəyərək kampaniya çərçivəsində dövlət reyestrindən çıxarış əldə edə bilərlər.

    İndiyədək 6000-ə yaxın vətəndaşın faydalana bildiyi “Kütləvi çıxarış” kampaniyası qeydiyyat xidmətlərini əhaliyə mobil şəkildə və əlverişli şəraitdə yerlərdə təqdim edən sosial layihədir. Komitənin “Kütləvi çıxarış” kampaniyası ilə bağlı atdığı digər mühüm addım kampaniyanı intentsiv keçirməsidir. Əgər əvvəllər kampaniya bir ayda yalnız bir dəfə keçirilirdisə, artıq bir ayda iki-üç dəfə, eyni zamanda, paralel olaraq bir neçə rayon və ya şəhərdə keçirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi