“Zığ” quru yük limanı fəaliyyətini genişləndirir

“Zığ” quru yük limanı fəaliyyətini genişləndirir 6 ha sahəyə malik liman tamamilə abadlaşdırılır
İnfrastruktur
7 Mart , 2017 15:13
“Zığ” quru yük limanı fəaliyyətini genişləndirir

Bakı. 7 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Zığ" quru yük limanı fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırır. Hazırda 6 ha sahəyə malik liman tamamilə abadlaşdırılır, ərazi və körpülər betonlaşdırılır, qaldırıcı qurğular - kran və avtoyükləyicilər yenilənir. 

Bu, Gəmiçilikdən "Report"a daxil olan məlumatda bildirilib. 

"Bütün bu işlər limanın dövriyyəsini artırmağa yönəldilib. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra yükaşırma müəssisəsi həm də logistik mərkəz rolunu oynayacaq. Xəzər dənizinin qərb sahilində yerləşən və 7 körpüyə malik “Zığ” quru yük limanının əsas üstünlüyü mərkəzə yaxın olmasıdır. Dəmiryolu xəttinin körpünün yaxınlığından keçməsi onun əlverişliliyini daha da artırır. Bu, yüklərin vaqonlardan gəmilərə və ya gəmilərdən vaqonlara vurulması prosesini asanlaşdırır. Limanda bərələrlə yük avtomobilləri, göyərtə yükləri, quru yük gəmiləri ilə konteyner, svay, boru, paletli yüklər qəbul olunur və göndərilir. Eyni zamanda, limanın həmin yükləri saxlamaq üçün böyük tutumlu anbarı var. Yükaşırma müəssisəsində gömrük və sərhəd keçid məntəqələrinin fəaliyyət göstərməsi isə müştərilərin işini yüngülləşdirmək baxımından əhəmiyyətlidir. “Zığ” quru yük limanında əməyin mühafizəsinə də xüsusi diqqət yetirilir. Müəssisədə təhlükəsizlik qaydaları qabaqcıl standartlara tam uyğunlaşdırılıb. Bütün bu üstünlüklər limana tələbatı artırır. Mövcud imkanların genişləndirilməsinə yönəldilən tədbirlər isə yeni iş yerlərinin açılmasına imkan verəcək", - deyə məlumatda əlavə edilib.

"Zığ" quru yük limanı

Qeyd edək ki, sözügedən ərazi əvvəllər Dəniz Nəqliyyat Donanmasının 57-ci körpüsü kimi tanınırdı. Yükaşırma müəssisəsinə liman statusu Azərbaycan Dövlət Dəniz Adminstrasiyası tərəfindən ötən ilin aprelində verilib. 

Son xəbərlər

Orphus sistemi