Zığ-Hövsan yolu əsaslı təmir edilir

Zığ-Hövsan yolu əsaslı təmir edilir Yolun 2,3 km-nə iki qat olmaqla, 2,5 km-nə isə bir qat yeni asflat-beton örtüyü döşənib
İnfrastruktur
12 İyul , 2017 12:29
Zığ-Hövsan yolu əsaslı təmir edilir

Bakı. 12 iyul. REPORT.AZ/ Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsi əsaslı şəkildə yenidən qurulur. “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, 24,5 km uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun ilkin mərhələdə 6,8 km olan Zığ-Hövsan hissəsinin, ikinci mərhələdə isə 17,7 km uzunluğunda olan Hövsan-Türkan hissəsinin yenidən qurulması nəzərdə tutulur.

İlkin mərhələdə nəzərdə tutulan 6,8 km yolun 1,1 km-i hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib. 6,8 km-lik Zığ-Hövsan yolunun qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurulması işləri də yekunlaşmaq üzrədir. Sözügedən hissə 2 gediş 2 gəliş olmaqla, 4 hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 18,5 m olmaqla torpaq yatağının eni 27,5 m-dir.

Layihəyə uyğun olaraq Zığ-Hövsan yolunda mühəndisi-kommunikasiya xətləri köçürülüb, 1-1,5 metr dərinlikdə yol yatağının yararsız qrunt qazılaraq çıxarılıb, qazılan hissələrə karbonat materialı tökülərək yenidən kipləşdirilib, həmçinin suötürücü boru və keçidlərin inşası işləri də aparılaraq yekunlaşdırılıb. Hazırda yol boyu asfaltlanma işləri aparılır. Yolun 2,3 km-nə 2 qat olmaqla, 2,5 km-nə isə 1 qat olmaqla yeni asflat-beton örtüyü döşənib və bu istiqamətdə işlər davam etdirilir. Ümumilikdə, yola üç qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Bundan başqa, layihə çərçivəsində hazırda səki daşlarının düzülməsi, ümumilikdə 300 m uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin inşası işləri aparılır. Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə yerüstü piyada keçidləri də inşa edilir. Keçidlərinin birində son tamamlanma işləri aparılır.

Qeyd edək ki, Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə layihə çərçivəsində yeni dairə və yol hissəsi də inşa edilib. 15 metr diametrində olan dairə 5 giriş-çıxışlıdır. Hazırda dairədə son tamamlanma işləri aparılır.

Yenidənqurma işləri çərçivəsində yolboyu ayrıcı zolaqda ikitərəfli müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 3 m enində piyada səkiləri tikiləcək. Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobusların ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışı təmin etmək məqsədi ilə 8 yerdə 400-500 m uzunluğunda əlavə hərəkət zolağının salınması da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi