Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunda tikinti işləri bitib - VİDEO

Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunda tikinti işləri bitib - VİDEO Ümumilikdə, yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min kv. metr sahə asfaltlanıb
İnfrastruktur
5 Dekabr , 2016 11:13
Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunda tikinti işləri bitib - VİDEO

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərə görə, avtomobil yolunun hərəkət hissəsinin eni 9-10 metr arası dəyişir.

"Yol uzun müddət təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtüyündə qabarmış, dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb. Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb. Daha sonra karbonat materialı tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılıb", - deyə məlumatda qeyd edilib.

Bundan başqa, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib və yola ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, yolun hərəkət hissəsi, giriş yollar və səkilər də daxil olmaqla 73 min kv. metr sahə asfaltlanıb.

Əlavə edək ki, asfalt-beton örtüyünün aşınma layının tikintisində istifadə olunan bituma xüsusi adgeziya qatqısı əlavə olunub. Bu maddə səth sularının asfalt-beton örtüyə daxil olmasının qarşısını almaqla asfalt örtüyünün keyfiyyətini yaxşılaşdırır və uzun ömürlülüyünü artırır.

Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilərin kənarına 6 min poqon metr yeni səki daşları düzülüb. Sərnişin avtobuslarının ümumi hərəkətə mane olmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün 9 ədəd xüsusi cibli avtobus dayanacağı inşa olunub. Ciblərin uzunluğu 20 metr, eni isə 3 metrdir. Səth və qrunt sularının ötürülməsi üçün zəruri olan yerlərdə drenaj borular qoyulub.

Qeyd edək ki, Zığ-Suraxanı avtomobil yolunun tikintisi ilə 3 yaşayış məntəqəsinin 63 min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq.

Son xəbərlər

Orphus sistemi