Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra istifadəyə verilib - VİDEO

Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra istifadəyə verilib - VİDEO Yenidənqurma küçənin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1,2 km-lik hissəsində aparılıb
İnfrastruktur
27 Mart , 2017 15:13
Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra istifadəyə verilib - VİDEO
http://www.azeravtoyol.gov.az

Bakı. 27 mart. REPORT.AZ/ Bakının Xətai rayonunda Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra sürücülərin istifadəsinə verilib. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, yenidənqurma küçənin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən Heydər Əliyev prospektinə qədər olan 1,2 km-lik hissəsində həyata keçirilib.

Küçədə aparılan yenidənqurma çərçivəsində genişləndirmə işləri aparılıb. Mövcud yol ayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib. Yol ayrıcının 2 min kv. metr sahəsinə tamet daşlar döşənib, yaşıllaşdırma və abadlıq işləri aparılıb, kənarına isə 2 500 poqon metr yeni səki daşı düzülüb.

Bundan başqa, küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib. Asfaltlanma işləri təqribən 34 min kv. m sahəni əhatə edib.

Asfaltlanma işləri bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkilib, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bundan başqa, küçəboyu ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun sağ hissəsində xüsusi hərəkət zolağı ayrılaraq müvafiq nişanlama xətləri və nişanlarla təmin edilib.

Qeyd edək ki, bir müddət bundan öncə Y.Səfərov küçəsinin 28 May küçəsi ilə kəsişməsindən A.Cəlilov küçəsi ilə kəsişməsinədək olan hissəsində hər iki istiqamət üzrə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.

Belə ki, yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 5 hərəkət zolağına qədər genişləndirilib.

Bundan əlavə, A.Cəlilov küçəsi ilə kəsişmədə olan geridönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 May küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geridönmə hissə yaradılıb.

Təbii ki, Yusif Səfərov küçəsinin yenidən qurulması sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi