Yuxarı
    Bağlamaq

    Yusif Səfərov küçəsində aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir

    28 May küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geridönmə hissə yaradılıb

    Bakı. 25 fevral. REPORT.AZ/ Bakı şəhərində Yusif Səfərov küçəsinin 28 May küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissədə aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

    "Report"un "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib.

    Bundan başqa, Ü.Hacıbəyli küçəsi ilə kəsişmədə mövcud olan geridönmə hissəsi ləğv edilib, bunun əvəzində 28 May küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geridönmə hissə yaradılıb.

    "Yenidənqurma işlərinin aparıldığı ərazi asfaltlanıb, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Hazırda yeni yol ayrıcına səki daşları düzülür, ərazidə son tamamlanma işləri aparılır. Genişləndirmə işləri sözügedən ərazidə xüsusən günün pik saatlarında müşahidə olunan sıxlığın xeyli dərəcədə azalmasına gətirib çıxaracaq", - deyə məlumatda qeyd olunub.

    Genişləndimə işlərinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yol ayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə7 hərəkət zolağınaqədər genişləndiriləcək.

    Y.Səfərov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində piyadaların da rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi istiqamətində addımlar atılacaq. Belə ki, küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin inşası planlaşdırılır.

    Yenidənqurma işlərinin qısa müddət ərzində və ümumi hərəkətə maksimum dərəcədə mane olmamaq şərti ilə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi