Yuxarı

Yeni metro qatarları "Həzi Aslanov"-"İçərişəhər" xəttində hərəkət edəcək

Yeni nəsil vaqonlarda sərnişin tutumu artırılıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bakı Metropoliteninə gətirilən yeni sərnişin qatarları yaxın 10 gün ərzində metronun "Həzi Aslanov"-"İçərişəhər" xəttinə buraxılacaq. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, yeni nəqliyyat vasitələri Fransanın “Alstom” şirkəti ilə imzalanan memorandum əsasında alınan qatarlardır. Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 olub.

Qeyd edək ki, alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Bu nəsil qatarların mühərriklərinin gücü 170 KVt təşkil edir. Yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.

Metropoletində, həmçinin müasir Diaqnostika Kompleksi yaradılıb. Xaricdə istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompüter avadanlığı, GPS-koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş Diaqnostika Kompleksi qatarların hərəkətinin tam təhlükəsizliyini, səlistliyini və sərnişindaşımanın rahatlığını təmin edəcək. Kompleksin əsas vəzifəsi qatarların avtomatik sürət tənzimlənməsi sisteminin kod və siqnallarını nəzarətdə saxlamaqdır. 

Bundan başqa, Diaqnostika Kompleksinin verdiyi imkanlar sayəsində rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi, tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğulara teplovizion nəzarətin aparılması mümkündür. Kompleks, həmçinin qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi