Jurnalistlər "Mazımçay" gömrük postunun fəaliyyəti ilə tanış olublar

Jurnalistlər "Mazımçay" gömrük postunun fəaliyyəti ilə tanış olublar Martın 13-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postuna səfər edib.
İnfrastruktur
13 Mart , 2019 18:27
Jurnalistlər Mazımçay gömrük postunun fəaliyyəti ilə tanış olublar

Martın 13-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna səfər edib. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən bildirilib.

Tədbir Dövlət Gömrük Komitəsinin media nümayəndələri üçün "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirdiyi təlim çərçivəsində baş tutub.

Məqsəd media nümayəndələrinə bu il fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sisteminin "Mazımçay" gömrük postunda tətbiqini əyani şəkildə nümayiş etdirmək olub.

Bildirilib ki, ixrac zamanı şəxs malları yükləmədən 1 saat öncə gömrük orqanına məlumat verir. Gömrük orqanı bu müddət ərzində risk analizləri əsasında təhlil aparır. Gömrük orqanı icazə verdikdən sonra gömrük təminat vasitələri tətbiq edilərək nəqliyyat vasitəsi sərhədə yola salınır.

İdxal zamanı mallar ölkə ərazisinə gətirilməzdən 1 saat öncə qısa idxal bəyannaməsi göndərilir. Həmin bəyannaməyə əsasən nəqliyyat vasitəsinin gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidi təmin olunur və nəqliyyat vasitəsi birbaşa şəxsin anbarına yola salınır.

Məlumat verilib ki, Azərbaycan Prezidentinin "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanına əsasən "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə ixrac və idxal zamanı gömrük nəzarəti sahəsinin bir qismi artıq xarici ticarət iştirakçılarına verilib.

Qeyd edilib ki, bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addımdır.

Bu il, ümumilikdə, 200-ə yaxın xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Xatırladaq ki, "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda təlim martın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi