Yuxarı

​Xətai rayonunda bir neçə küçədə təmir işləri aparılıb

Təmir Telnov küçəsində, M.Rüstəmov və Ə.Şıxlinski küçələrinin bir hissəsində, həmçinin Neapol dairəsinin ətrafında aparılıb

Bakı. 12 avqust. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakı şəhərinin Xətai rayonunda bir neçə küçəni təmir edərək istifadəyə verib. “Report”un qurumun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, təmir-tikinti işləri Telnov küçəsində, Məzahir Rüstəmov və general Əliağa Şıxlinski küçələrinin bir hissəsində, həmçinin Neapol dairəsinin ətrafında aparılıb.

Telnov küçəsinin uzunluğu 1 340 metr, eni 13 metr, M.Rüstəmov və Ə.Şıxlinski küçələrinin təmir işlərinin aparıldığı hissələrinin uzunluqları müvafiq olaraq 500 və 400 metrdir. Hər iki küçənin eni isə 14 metr təşkil edir.

Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə ikiqat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, Telnov küçəsinin 23,7 min kv. metr sahəsi, M.Rüstəmov küçəsinin 12,4 min kv. metr sahəsi, Ə.Şıxlinski küçəsinin isə 6 min kv. metr sahəsi asfaltlanıb.

Bundan başqa, təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb, küçələr boyu yeni səki daşları düzülüb. Ümumilikdə, Telnov küçəsinə 2 400 poqon metr, M.Rüstəmov küçəsinə 950 poqon metr, Ə.Şıxlinski küçəsinə isə 750 poqon metr yeni səki daşı düzülüb.

Neapol dairəsinin ətrafında da təmir işləri aparılıb, asfalt-beton örtüyü yenilənib və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənib.

Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni 30 ədəd baxış qapaqları qoyulub.

İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi