Yuxarı

Xarici işlər naziri: BTQ layihəsi ilə əlaqədar Türkiyədə yaranmış problem artıq həllini tapıb

Bu, həm də Qərblə Şərq arasında möhkəm körpü olacaq

Tbilisi. 17 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə əlaqədar Türkiyə ərazisində yaranmış problemlər artıq öz müsbət həllini tapıb. Düşünürəm ki, magistralın tikintisi vaxtında başa çatdırılacaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Tbilisidə gürcüstanlı həmkarı Mixail Canalidze ilə görüşdə deyib. 

O bildirib ki, Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyənin birbaşa iştirakı ilə həyata keçirilən layihələr regionda və bütövlükdə Avropada sülhə və təhlükəsizliyə xidmət edir: "Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan bir sıra layihələr artıq öz müsbət nəticələrini verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Batumidə tikilən aeroport və s. layihələr bunlara misaldır. Bu ilin sonlarına Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi başa çatdıqdan sonra ölkələrimiz arasında birbaşa dəmir yolu əlaqəsi də yaranacaq. Bu, həm də Qərblə Şərq arasında möhkəm körpü olacaq".

Görüşdə həmçinin Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlıq şurasının yaradılması və bununla əlaqədar mart və ya aprel aylarında yüksək səviyyəli görüşün təşkili, ticarət dövriyyəsinin artırılması və s. məsələlər də müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi