"Xaliq Faiqoğlu" şirkəti avtobuslarda kart sisteminin tətbiqinə başlayıb

"Xaliq Faiqoğlu" şirkəti avtobuslarda kart sisteminin tətbiqinə başlayıb Şirkətin 6 marşrut xəttində 130 avtobusda vahid kartla ödəniş etmək tələb edilir
İnfrastruktur
1 Sentyabr , 2016 12:01
Xaliq Faiqoğlu şirkəti avtobuslarda kart sisteminin tətbiqinə başlayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bu gündən etibarən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı avtobus marşrut xətlərində “Bakı Kart” vahid elektron ödəniş sisteminə aid kartların istifadəsinə başlanılıb.

"Report" xəbər verir ki, "K Group" və Türkiyənin "Kent Kart" şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində I mərhələdə 6 marşrut xəttində 130 avtobusa kart oxuyan cihazlar - validatorlar quraşdırılıb, sürücü və dispetçerlər müvafiq təlimlərdən keçib, şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi qurulub.

Şirkətin rəhbəri Faiq Seyidov layihənin ərsəyə gəlməsində Bakı Nəqliyyat Agentliyinin xüsusi dəstəyini qeyd edib, eyni zamanda "K Group" və "Kent Kart" şirkətlərinə təşəkkürünü bildirib.

Onun sözlərinə görə, bir neçə aydan sonra həyata keçiriləcək II mərhələdə isə təxminən 150 avtobusda nağdsız ödəniş sistemi tətbiq ediləcək.

"Geniş məlumat bazasına malik olan sistem sayəsində avtobusların hərəkət istiqaməti, onların hərəkət sürəti, hər bir dayanacaq üzrə və ümumiyyətlə, gün ərzində avtobuslardan istifadə edən sərnişinlərin sayı barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq", - deyə F.Seyidov əlavə edib.

Qeyd edək ki, bu gün sərnişinlərin rahatlığı üçün "Xaliq Faiqoğlu" şirkəti sosial layihə çərçivəsində sıxlıq təşkil edən dayanacaqlarda sərnişinlərə balansında 1 gediş haqqı (0,20 AZN) üçün "Bakı Kart" ödəniş kartlarını hədiyyə olaraq paylayır.

Bununla yanaşı, bu gün “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərin hərəkətinin asanlaşması və mövcud sıxlığı aradan qaldırmaq məqsədilə istismarında olduğu xəttə daha bir iritutumlu avtobus buraxıb. Belə ki, şirkət Türkiyə istehsalı olan "İsuzu Citiport" markalı 12 metrlik yeni avtobusunu da ictimaiyyətə təqdim edib. Bu avtobus digərlərindən fərqli olaraq 24 oturacaq və 70 nəfər ayaqüstü sərnişin tutumuna malikdir. Onun dəyəri 370 min manat təşkil edir.

Ümumiyyətlə, yaxın vaxtlarda xətlərdə olan avtobusların yeni, müasir və 12 metrlik avtobuslarla dəyişidirilməsi təmin ediləcək.

Tədbirdə çıxış edən Bakı Nəqliyyat Agentliyi ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdir müavini Mayis Ağayev qeyd edib ki, ictimai nəqliyyatda vahid kart sisteminə keçid Agentliyin bütün daşıyıcı şirkətlər qarşısında qoyduğu tələbdir. 

"Artıq nağdsız ödəniş sistemi istifadə edilən avtobusların sayı 15-ə çatıb. Hazırda digər şirkətlər də bu tələbi icra etmək üçün zəruri texniki məsələləri həll edir", - deyə M.Ağayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi