Ukraynadan Orta Asiyaya yola salınan ikinci konteyner qatarı Bakıya çatıb - FOTO

Ukraynadan Orta Asiyaya yola salınan ikinci konteyner qatarı Bakıya çatıb - FOTO Qatar səhər saat 10:00-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb
İnfrastruktur
12 Fevral , 2016 10:20
Ukraynadan Orta Asiyaya yola salınan ikinci konteyner qatarı Bakıya çatıb - FOTO

Bakı. 12 fevral. REPORT.AZ/ Ukraynanın İliçevsk dəniz limanından fevralın 7-də Ukrayna-Orta Asiya marşrutu üzrə (Gürcüstan və Azərbaycandan keçməklə) yola düşən 32 vaqondan ibarət ikinci qatar artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. "Report" xəbər verir ki, qatar limana bu gün saat 10:00-da çatıb. 

Qatarın tərkibindəki vaqonlardan 1-i təyinatı üzrə Qazaxıstanın Aktau limanına, 31-i isə Türkmənistanın Türkmənbaşı limanına yola salınacaq. Vaqonların yükü ərzaq məhsulları və dəmir məmulatlardan ibarətdir.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna qoşulandan sonra bu, yola salınan ikinci qatardır. Bu marşrut üzrə ilk sınaq reysi yanvarda həyata keçirilib və Ukraynadan gələn birinci qatar yanvarın 22-də Bakıya çatıb.

Qeyd edək ki, 14 yanvar 2016-cı ildə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna dəmir yolu rəhbərlərinin dördtərəfli görüşü keçirilib, yük qatarları üçün rəqabətədavamlı kompleks dərəcələri müəyyən edilib, həmçinin Gürcüstan və Azərbaycan ərazisindən keçməklə Ukraynadan ixrac olunan yüklərin Qazaxıstan ərazisinə və oradan da Çinə daşınmasının təşkilində imtiyazlı tarif şərtləri müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi