Yuxarı

Ukrayna "İpək yolu" ölkələri üçün yükdaşıma tariflərini azaldacaq

Ölkə artıq Çinlə müvafiq razılaşma bağlayıb

Bakı. 26 avqust. REPORT.AZ/ Ukrayna "İpək yolu" çərçivəsində yükdaşıma tariflərini azaltmaq niyyətindədir. "Report"un "Rosbalt.ru" saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə ölkə müvafiq layihə çərçivəsində Çin-Ukrayna-Avropa İttifaqı marşrutu üzrə daşıma qiymətlərinin düşməsi üçün tədbirlər görür.

Ukrayna İnfrastruktur Nazirliyinin məlumatına görə, müvafiq razılaşma Çin tərəfi ilə hökumət nümayəndələrinin apardığı danışıqlar və Ticarət-iqtisadi əməkdaşlıq üzrə alt komissiyanın imzaladığı protokoldan sonra əldə edilib.

"Ukrayna İnfrastruktur Nazirliyi Çin şirkətlərinin yüklərin Çernomorsk limanı vasitəsilə "İpək yolu" ölkələrinin iştirakçıları - Gürcüstan, Azərbaycan və Qazaxıstanın ərazisindən keçməklə, daşınmasının vacibliyini vurğulayıb. "Böyük İpək yolunun iqtisadi kəməri"nin yaradılmasına dair birgə təşəbbüsün reallaşdırılması çərçivəsində Ukrayna, Çin-Ukrayna-Avropa İttifaqı marşrutu üzrə multimodal daşımalar üçün tariflərin optimallaşdırılması və azaldılmasına dair tədbirlər görür", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna "İpək yolu" Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların rəqabətqabiliyyətli, güzəştli tarifləri barədə protokol imzalayıblar.

Bu ilin yanvarında 20 ədəd 40-futluq konteynerdən ibarət sınaq qatarı Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu ilə Çinə yola salınıb. Ukraynanın İliçevsk limanından yanvarın 15-də yola salınmış qatar yanvarın 22-də Bakı Limanının bərə terminalına (Ələt) çatmışdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi