Türkmənistan Azərbaycan üzərindən daşınacaq yüklərinin həcmini artıracaq

Türkmənistan Azərbaycan üzərindən daşınacaq yüklərinin həcmini artıracaq Bu ölkədə Azərbaycan üzərindən Avropaya 20 min ton neft məhsulunun göndərilməsinə dair göstəriş verilib
İnfrastruktur
7 Sentyabr , 2016 13:55
Türkmənistan Azərbaycan üzərindən daşınacaq yüklərinin həcmini artıracaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Türkmənistan Azərbaycan üzərindən daşınacaq yüklərinin həcmini artıracaq. Bizim müraciətimizdən sonra bu barədə Türkmənistan prezidenti göstəriş verib". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu günlərdə Azərbaycan, Türkiyə və Türkmənistanın Londondan Pekinədək nəqliyyat dəhlizinin yaradılması məqsədilə imzaladıqları Aşqabad bəyannaməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan üzərindən Avropaya 20 min ton neft məhsulunun göndərilməsinə dair göstəriş verilib.

"Bilirsiniz ki, Türkmənistanın dünya okeanlarına açıq çıxışı yoxdur. Amma ölkə qaz-neft ehtiyatları ilə olduqca zəngindir. Ölkədə kimyəvi materialların istehsalı üçün böyük investisiyalar yatırılıb, onlar Xəzərdə dəyəri təxminən 1 mlrd. dollar olan yeni limanlar tikirlər. Türkmənistan istehsal etdiyi məhsulları dünya bazarlarında reallaşdırmaq üçün onları ixrac etməlidir. Bunun üçün isə ölkənin Avropaya əsas çıxış yolu Azərbaycan -Gürcüstan üzərindən reallaşdırılır. Məsələn, Türkmənistana məxsus 2 mln ton yük bizim ölkənin üzərindən tədarük edilir, həmçinin ölkənin boru xəttləri vasitəsilə nəql olunur. Bunun üçün Azərbaycanın təbii şəraiti var. İranla Türkmənistan həmsərhəd olsalar da, birincinin coğrafi relyefi bu işi bir qədər mürəkkəbləşdirir. Eyni zamanda İranda da kimyəvi məhsullar az itehsal edilmir. Bu səbəbdən Türkmənistan Azərbaycan üzərindən neftdən istehsal olunan məhsullarının daşınmasında maraqlıdır. Türkmənistan əvvəllər bizə güzəştlər tətbiq etmirdi. Bizim müraciətdən sonra bu ölkənin başçısı müvafiq tapşırıqlarını verib, eyni zamanda İlham Əliyev də öz sözünü deyib. Bütün bunların təsiri altında artıq Azərbaycan üzərindən daşınacaq yüklərin həcmi artacaq", - deyə C. Qurbanov bildirib.

C.Qurbanov qeyd edib ki, sonrakı mərhələdə Azərbaycan üzərindən Özbəkistan, Əfqanıstan kimi iri bazarlara malik ölkələrin yük daşımalara cəlb olunması üçün müvafiq şərait yaradılmalıdır: "Nəzərdə tutduğumuz 50 mln. ton yük Azərbaycan üzərindən reallaşdırıla bilərsə, bu, ölkə iqtisadiyyatına böyük gəlir gətirmiş olacaq. Bütün bunlara nail olmaq üçün isə, əlbəttə, zaman lazımdır". 

Son xəbərlər

Orphus sistemi