Tbilisi. 26 yanvar. REPORT.AZ/ “Türkiyə tərəfi Bakı-Tbilisi-Qars dəmir yolunun necə böyük əhəmiyyətli layihə olduğunu bilir. Ona görə də layihə üzrə işlərin tez bir zamanda başa çatdırılmasında və Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istismara verilməsində maraqlıdır”.
Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Çiftci söyləyib.
Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi- Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisi sürətlə davam edir: "Türkiyə bütün çətinliklərə baxmayaraq, inşaat işlərinin 2017-ci ildə başa çatdıracaq".
Nazir müavini həmçinin deyib ki, bu layihə iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsinə, Çindən Böyük Britaniyaya qədər sərnişin və yük daşımalarının həcminin artmasına töhfə verəcək: "Bakı-Tbilisi-Qars layihəsi, eyni zamanda, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızın genişlənməsində də mühüm rol oynayacaq".
F.Çiftci onu da deyib ki, Türkiyə hökuməti layihənin beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirir: "Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin birliyinin əsasını təşkil edir. Eyni zamanda, bizim beynəlxalq tərəfdaşlar arasında nüfuzumuzun artmasına xidmət edəcək. Ona görə də çalışırıq ki, tikinti işlərini bu il başa çatdıraq”.