​Türkiyə Azərbaycan üzərindən yükdaşımaları artıracaq

​Türkiyə Azərbaycan üzərindən yükdaşımaları artıracaq İranla sərhəddə yubanmalara görə Türkiyə nəqliyyatçıları Ələt limanından daha geniş istifadə etmək niyyətindədir
İnfrastruktur
7 Yanvar , 2015 12:51
​Türkiyə Azərbaycan üzərindən yükdaşımaları artıracaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyə Azərbaycan üzərindən avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmini artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bunu "Anadolu" agentliyinə Türkiyə Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının prezidenti Fatih Şener deyib.

Onun sözlərinə görə, quruma üzv olan təşkilatlar Xəzər dənizinin Azərbaycan sahilində yerləşən Ələt limanı vasitəsi ilə daşınan yükləri ildə 2 min avtomobildən 25 minə çatdırmaq fikrindədir.

F.Şener deyib ki, son zamnalar türkiyəli nəqliyyatçılar İran gömrüyündə böyük problemlərlə qarşılaşıb və 2013-cü ildən məhz bu səbəbdən Türkiyəyə gedən 14 min maşının yükünü İran maşınlarında keçirdiklərini deyib: "Ortalama 35 min dollarlıq yük üçün İran maşınlarına 8 min dollar ödəməyə məcbur oluruq. Niyə biz Xəzər vasitəsi ilə daşımaları daha da artırmayaq. Hazırda Xəzərdə iki limanın inşası çox uğurla davam etdirilir".

Onun fikrincə, İranla gömrükdə yaranan problemlərə görə yüklərin 8-9 min dollarlıq hissəsi keyfiyyətini itirib, bəzi ucuz məhsullar isə daşınma üçün tam yararsız hala gəlib: "Hazırda İran üzərindən yüklərin daşınması xərcləri və gözləmə müddəti artıb. Xəzər vasitəsi ilə aparılacaq səfərlərlə İran üzərindən keçirilən yüklərin həcmini azaltmaq mümkündür. Əgər qapılarda gözləmələr olmasa, 15 gün ərzində yükləri daşımaq mümkündür. Xəzər dənizində yüklərin daşınması "ro-ro" tipli gəmilər və bərələrlə daşınır. İndi biz Bakıya daxil olmadan ondan 80 km aralıda yerləşən Ələt limanı vasitəsi ilə yüklərimizi daşıya bilərik. Əgər əvvəllər Xəzərdə ay ərzində 150 reys etmək mümkün idisə, son bir neçə ayda bu, 500-ə çatıb. Biz bu rəqəmi illik 25-30 min civarına qaldırmaq istəyirik".

F.Şener Türkiyənin Qazaxıstana ixracının 20%-ni hava nəqliyyatı vasitəsi ilə aparıldığını və bu ticarət vasitəsinin bahalı olduğunu açıqlayıb. O, həmçinin təyyarə ilə əsasən unitaz və kran daşındığını da nəzərə çatdırıb: "Qazaxıstana investisiya qoyulub. Orada hotel tikilib. Məhz bu səbəbdən də sahibkarlar İran gömrüyündə məhsullarının çox yubanmaması üçün yüklərini təyyarə vasitəsi ilə aparmağı məqbul bilir. Biz inanırıq ki, ixracat üçün yeni və daha rahat yollar tapa biləcəyik. Düşünürəm ki, 2023-cü ilə qədər biz bu işləri yoluna qoya biləcəyik".

Xatırladaq ki, hazırda Türkiyə avtomobil nəqliyyatı ilə ixracatın 90%-ni İran, 5%-ni Xəzər dənizi, digər 5%-ni isə Rusiya vasitəsi ilə aparır.

Son xəbərlər

Orphus sistemi