Türk Standartları İnstitutu ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında memorandum imzalanıb

Türk Standartları İnstitutu ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında memorandum imzalanıb Sənəd ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur
İnfrastruktur
27 Oktyabr , 2015 10:54
Türk Standartları İnstitutu ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında memorandum imzalanıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakıda ikigünlük səfərə gəlmiş Türk Standartları İnstitutunun prezidenti Sebahittin Korkmazın rəhbərlik eydiyi nümayəndə heyəti ilə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov arasında görüş keçirilib.

Komitədən "Report"a daxil olan xəbərə görə, Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələnin başlandığını, keyfiyyət infrastrukturunun inkişafını təmin edən qanunvericilik bazasının təkmilləşdiyini, maddi-texniki bazanın – etalon və sınaq laboratoriyalarının qurulduğunu qeyd edən R.Həsənov dövlətin dəstəyi ilə görülmüş bu işlər nəticəsində kiçik və orta sahibkarlıq fəaliyyətinin daha da genişlənəcəyini, iş adamlarının sayının artacağını və dayanıqlı iqtisadi artım tempinin qorunacağını xüsusi vurğulayıb.

Hazırda dünya bazarında neftın qiymətinin aşağı düşməsi fonunda Azərbaycanda neftdən asılılığın minimuma endirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı üçün keyfiyyət infrastrukturuna aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən geniş istifadə olunması yeni perspektivlər vəd edir. Komitə sədrinin sözlərinə görə, bu sahədə Türkiyə ilə birgə fəaliyyət planı üzərində işləmək hər iki qardaş ölkə üçün faydalı olacaq.

Türk Standartları İnstitutunun prezidenti S.Korkmaz 2015-ci ilin may ayından qurumun rəhbəri seçiləndən sonra ilk xarici səfərinin Azərbaycana olmasından məmnunluğunu qeyd edərək, onlara qardaş ölkədə yaratdıqları şəraitə görə minnətdarlıq edib. Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində aparılan dövlət siyasətini xüsusi vurğulayan TSİ-nin rəhbəri ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin türkiyəli iş adamları tərəfindən də cəlbedici qəbul olunduğunu, biznes strukturlarının fəaliyyətinin genişləndiyini, bundan türkiyəli iş adamlarının da faydalandığını razılıqla bildirib. 2012-ci ilin sentyabr ayında Azərbaycan və Türkiyə hökumətləri arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi təşəbbüsünü irəli sürən S.Korkmaz bu istiqamətində fəal əməkdaşlığa hazır olduqlarını qeyd edib. Sonra Türk Standartları İnstitutu ilə Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandumda standartlaşdırma, sertifikatlaşdırma və digər əlaqəli sahələrdə tərəflər arasında ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək, beynəlxalq əməkdaşlıqda tərəflər arasında bir-birinə dəstək göstərmək, sertifikatlaşdırılma sistemləri və prosedurları haqqında məlumat mübadiləsi, idxal və ixraca məhsulların keyfiyyət sınaqları üzrə şərtlər haqqında məlumat mübadiləsi, standartlaşdırma və sertifikatlaşdırma sahələrində təlimlərin təşkili qeyd olunub.

Son xəbərlər

Orphus sistemi