Tovuzun 5 kəndinin içməli su problemi həllini tapmaq üzrədir

Tovuzun 5 kəndinin içməli su problemi həllini tapmaq üzrədir Bakı. 7 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlarına uyğun olaraq, Tovuz rayonunda icra olunan layihələr yekunlaşmaq üzrədir.
İnfrastruktur
7 Dekabr , 2018 15:32
Tovuzun 5 kəndinin içməli su problemi həllini tapmaq üzrədir

Bakı. 7 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlarına uyğun olaraq, Tovuz rayonunda icra olunan layihələr yekunlaşmaq üzrədir. 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu layihələr Tovuz şəhərinin içməli su təminatının daha da yaxşılaşdırılması və su çatışmazlığı müşahidə olunan 5 kəndin içməli su probleminin həllini nəzərdə tutur.

Dövlət başçısının 30 mart 2018-ci il tarixli sərəncamına əsasən, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni su mənbəyi yaradılır. Bu məqsədlə Zəyəmçayın yatağında 1 774 metr uzunluğunda drenaj tipli sugötürücü qurğu inşa edilir. Qurğudan saniyədə 100 litr suyun götürülməsi nəzərdə tutulur. Hazırda çay yatağında qazıntı və drenaj sistemlərinin qurulması işləri davam etdirilir. Zəyəmçayın mənbəyində sugötürücü qurğunun gələn ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

Buradan götürüləcək suyun Tovuz şəhərinə özüaxımlı rejimdə nəqli məqsədilə 530 mm diametrli polad borularla 26 km uzunluğunda magistral su kəməri çəkilib. Sugötürücü qurğuda işlər yekunlaşdıqdan sonra magistral kəmərlə Tovuz şəhərinə içməli suyun verilməsinə başlanılacaq. Bununla da yay aylarında şəhərin və ətraf kəndlərin içməli su təminatında indiyə qədər yaranan problemlər bir daha müşahidə olunmayacaq.

Yeri gəlmişkən, dövlət başçısının müvafiq sərəncamlarına əsasən, Tovuz şəhəri ilə yanaşı, Gədəbəy, Lerik, Şamaxı şəhərlərində də alternativ su mənbələrinin yaradılması işləri davam etdirilir.

Tovuz rayonunda icra olunan digər layihə çərçivəsində isə içməli sudan ciddi əziyyət çəkən Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərində yeni su təchizatı infrastrukturları yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 09 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq bu kəndlər üzrə layihələr hazırlanıb və cari ilin yayında tikinti-quraşdırma işlərinə başlanılıb. Kəndləri içməli su ilə təmin etmək üçün 2 subartezian quyusu qazılıb, hər birinin tutumu 600 kubmetr 2 anbar yenidən qurulub, anbar ərazisində müasir hidrofor tipli nasos stansiyası quraşdırılıb. Qısa müddətdə kəndlərdə 40 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 175 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Tovuz rayonun 5 kəndində icra olunan içməli su layihəsindən 12 mindən çox sakin faydalanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 9 aprel 2018-ci il tarixli sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə icra olunan layihələr 19 rayonunun 41 yaşayış məntəqəsində əhatə edir. Bu layihələrin icrası nəticəsində kəndlərdə 58 mindən çox sakinin içməli su təchizatı yaxşılaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi