Tovuz rayonunun 16 yaşayış məntəqəsini əhatə edən yol təmir edilir

Tovuz rayonunun 16 yaşayış məntəqəsini əhatə edən yol təmir edilir 50 km uzunluğunda mövcud avtomobil yolu 4-cü texniki dərəcəlidir
İnfrastruktur
5 May , 2016 10:29
Tovuz rayonunun 16 yaşayış məntəqəsini əhatə edən yol təmir edilir

Bakı. 5 may. REPORT.AZ/ Tovuz rayonunun Qovlar-Alakol-Ağacqala-Sarıtala avtomobil yolunun tikintisinə start verilib. Avtomobil yolunun tikintisi işləri Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) çərçivəsində aparılır.

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, 50 km uzunluğunda mövcud avtomobil yolu 4-cü texniki dərəcəlidir, çınqıl və torpaq örtüklüdür. Layihə çərçivəsində ilkin mərhələdə yolun Əyyublu-Alakol kəndləri arasında olan 17 km-lik hissəsinin 3-cü texniki dərəcəyə uyğun salınması nəzərdə tutulub. Digər mərhələlərdə yolun qalan hissələrinin tikintisi aparılacaq.

Layihə çərçivəsində tikintisi aparılan 2 hərəkət zolaqlı yolun torpaq yatağının eni 12 metr, bərkidici zolaq da daxil olmaqla hərəkət hissəsinin eni 8 metr, hər iki istiqamət üzrə çiyinlərin eni 2 metr olacaq. 17 km-lik hissəyə ikiqat olmaqla 135 min kv. m asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Aparılan tikinti işləri zamanı Zəyəmçay üzərində yerləşən körpü də əsaslı təmir olunacaq. Bu körpünün uzunluğu 74 poqon metr, eni 11 metrdir. Əsaslı təmir zamanı körpüdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri yaradılacaq, körpünün kənarlarına 148 poqon metr mühəccərlər və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə səki ilə yolun hərəkət hissəsi arasında 148 poqon metr təkərqaytaranlar quraşdırılacaq.

Bundan başqa tikinti işlərinin aparıldığı 17 km-lik hissədə 16 yeni suötürücü boru tikiləcək, əkin sahələrinə suların ötürülməsi üçün avtomobil yolunun altından 46 yerdə borular qoyulacaq.

Hazırda layihəyə uyğun olaraq torpaq işləri görülür, yol 1 metr dərinlikdə qazılır və yol yatağı ilə yol əsasının tikintisi işləri aparılır.

Avtomobil yolunun tikintisi ilə 16 yaşayış məntəqəsinin 50 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, bölgənin turizm potensialı artacaq və yeni yol kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi