Yuxarı

Terrorizmin qlobal iqtisadiyyata vurduğu ziyan hesablanıb

Terror aktları dünya iqtisadiyyatına ötən il 53 mlrd. dollar ziyan vurub

Bakı. 21 noyabr. REPORT.AZ/ Ötən il terrorizmin dünya iqtisadiyyatına vurduğu ziyanın həcmi fantastik həcmdə hesab olunur. İqtisadiyyat və Sülh İnstitutunun (IEP) iqtisadçılarının "2015 Global Terrorism Index" adlı tədqiqatının nəticələrinə əsasən, terror aktları dünya iqtisadiyyatına ümumilikdə 52,9 mlrd. ABŞ dolları həcmində maddi ziyan vurub.

"Report"un IEP-yə istinadən verdiyi məlumata görə, bu məbləğə bina, istehsal və digər obyektlərə vurulan ziyan, insan ölümü və ya onun uzunmüddətli müalicəsi, onların itirdikləri əmək haqqı və s. daxildir. Lakin araşdırma sənədində təhlükəsizliyin gücləndirilməsinə çəkilən xərclər, sığorta ödənişlərinin artımı, habelə dövlət infrastrukturu və s. nəzərə alınmır.

IEP-in hesablama və məlumatlarına əsaslanan "Vision of Humanity" qrafikindən görünür ki, 2014-cü ildə qlobal iqtisadiyyatın terror hadisələri nəticəsində itkiləri, hətta 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş olayları da üstələyib (51,5 mlrd. dollar). Bu onu göstərir ki, 2014-cü il ərzində dəyən ziyanın statistikası 2000-ci ilin analoji rəqəmlərindən 10 dəfə yüksəkdir. Hətta 2013-cü illə müqayisədə də artımın böyük olduğunu görə bilərik - 20 mlrd. dollar. IEP ekspertləri qlobal iqtisadiyyatın terrorizmdən çəkdiyi ziyanın həcmini Bolqarıstanın ÜDM-si ilə müqayisə edirlər.

Dünya iqtisadiyyatının itkilərinə zorakılıq əsasında törədilən cinayətlər və qətllər isə daha böyük "töhfə" verib. Belə ki, 2014-cü ildə zorakı cinayətlərin dünya iqtisadiyyatına vurduğu ziyanın həcmi 1,7 trln. dollar təşkil edib. Eyni zamanda, sabitsizlik hökm sürən bir sıra ölkələrdə terrorizm iqtisadiyyata və insanların həyatına güclü mənfi təsir göstərir. Buna ən güclü əyani misal İraq çəkilir. Belə ki, 2005-2014-cü illər ərzində İraq iqtisadiyyatının terrorizm nəticəsində itkiləri alıcılıq qabiliyyəti paritetinə görə 159 mlrd. dollar təşkil edib. 2014-cü ildə bu rəqəm ölkə ÜDM-nin 32%-nə bərabər olub.

Terrorizmin, həmçinin ölkəyə yatırılan xarici investisiyaların həcminə məfi təsirləri qeyd edilir. Məsələn, Nigeriyada xarici invesitisiyaların həcmi 2010-cu ildə əvvəlki illə müqayisədə təxminən 30% - 6,1 mlrd. dollar azalıb.

Ümumilikdə isə terrorizmdən əziyyət çəkən 10 ölkənin ÜDM itkiləri 0,5%-dan 0,8%-a qədər təşkil edib. Hesabatda, həmçinin "Taliban" terror qruplaşması və İŞİD terror təşkilatının 20 mindən artıq insan qətlə yetirdiyi qeyd edilir. Terrorizmin bu il də iqtisadiyyata ziyanının az olmayacağı gözlənilir. Xüsusən də Fransada baş vermiş silsilə partlayışlar, Rusiyaya məxsus sərnişin təyyarəsinin partladılması və digər faciəvi olaylar fonunda zərərin böyük olacağı ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi