Bundestaq üzvü: "TANAP və TAP layihələrinə Almaniyada böyük maraq var"

Bundestaq üzvü: "TANAP və TAP layihələrinə Almaniyada böyük maraq var" SOCAR-da Almaniyanın Türinqen federal torpağının parlament qrupu ilə görüş olub
İnfrastruktur
22 İyun , 2015 18:42
Bundestaq üzvü: TANAP və TAP layihələrinə Almaniyada böyük maraq var

Bakı. 22 iyun. REPORT.AZ/ Bu gün SOCAR-ın baş ofisində Almaniya Bundestaqının üzvü Mark Hauptmanın rəhbərlik etdiyi Türinqen federal torpağının parlament qrupu üzvləri ilə görüş keçirilib. "Report" SOCAR-ın saytına istinadən xəbər verir ki, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Almaniya və Azərbaycan arasında zəngin tarixə malik münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Mark Hauptman SOCAR-ın liderliyi ilə həyata keçirilən TANAP və TAP layihələrinə Almaniyada böyük maraq olduğunu söyləyib və bu layihələr, habelə Azərbaycanda həyata keçirilən digər əhəmiyyətli neft-qaz layihələri haqqında geniş məlumat almaq istədiklərini qeyd edib.

Vitse-prezident E.Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixində önəmli yeri və rolu haqqında qonaqlara məlumat verib, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq, ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyəti haqqında danışıb.

Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında danışan SOCAR-ın vitse-prezidenti E. Nəsirov və onun müavini Vitali Bəylərbəyov son illər həmin layihələr çərçivəsində əldə olunan nailliyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb, almaniyalı deputatları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

Qonaqlara Cənub Qaz Dəhlizi və onun tərkib hissələri, "Şahdəniz" yatağının ehtiyatları və işlənilmə mərhələləri, TANAP və TAP kəmərlərinin iştirakçı və istehlakçıları, layihənin Avropanın enerji təhlükəsizliyində rolu haqqında geniş informasiya verilib.

Almaniyanın Türinqen federal torpağının parlament qrupu üzvləri Azərbaycan, onun yüksəlişdə olan iqtisadiyyatı barədə məlumatlardan öz fəaliyyətlərində yararlanacaqlarını söyləyiblər.

Son xəbərlər

Orphus sistemi