Sumqayıtda torpaqların qeyri-qanuni istifadəsinə dair forum keçiriləcək

Sumqayıtda torpaqların qeyri-qanuni istifadəsinə dair forum keçiriləcək Tədbir torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası mövzusuna həsr olunub
İnfrastruktur
9 İyul , 2015 12:50
Sumqayıtda torpaqların qeyri-qanuni istifadəsinə dair forum keçiriləcək

Bakı. 9 iyul. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 10-da Sumqayıt şəhərində “ƏMDK-nin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda işgüzar forum keçirəcək. Bu barədə "Report"a Komitənin ictimaiyyətlə əlaqələr və protokol şöbəsindən məlumat verilib.

Məlumata görə, tədbirdə ƏMDK-nin rəhbərliyi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi, Sumaqyıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Qubadlı rayonlarının icra hakimiyyətlərinin rəhbərliyi və bələdiyyə sədrləri iştirak edəcəklər.

Qurumdan tədbirin məqsədinin ƏMDK-nin yeni əsasnaməsindən irəli gələrək dövlət torpaqlarının mühafizəsinə vahid mərkəzdən dövlət nəzarətinin həyata keçirilməsi, belə torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərin, habelə torpaq müfəttişlərinin fəaliyyəti barədə keçirilən tədbirlərin nəticələrinin açıqlanması olduğu deyilib.

Eyni zamanda, torpaq münasibətlərinin vahid mərkəzdən dövlət tənzimlənməsi və torpaq bazarının təşkilində Komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq da əsas məqsədlərdən olduğu açıqlanıb.

Son xəbərlər

Orphus sistemi