Yuxarı

Statistika Komitəsinin sədri UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Görüşdə komitə ilə UNİCEF arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardinlə görüşüb.

Bu barədə "Report"a DSK-nın mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, görüşdə komitə ilə UNİCEF arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub. UNİCEF-in Azərbaycanda1993-cü ildə fəaliyyətə başladığını xatırladan T.Budaqov rəhbərlik etdiyi qurumun bır sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), YUNESKO, Dünya Bankı kimi digər qurumlarla səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 

Komitə sədri Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən danışıb: “Statistika Komitəsi ilə UNİCEF arasında statistikanın müxtəlif sahələri üzrə əlaqələr mövcuddur. Belə ki, 2015-ci ildə DSK UNİCEF-in ekspert, metodoloji və maliyyə köməkliyi ilə məhrumiyyətlər üzrə yoxsulluğa dair sorğunu müasir informasiya texnologiyaları tətbiq etməklə həyata keçirib. Bununla yanaşı, ötən il Cenevrədə təşkil olunmuş Vaşinqton Qrupu tərəfindən hazırlanmış sağlamlıq imkanları məhdud olan uşaqların sağlamlıq vəziyyətinin öyrənilməsi üzrə təlimdə Komitənin nümayəndəsi iştirak edib. Təlimdən sonra Bakıda DSK, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və UNİCEF-in iştirakı ilə müzakirələr aparılıb. Əlillik Statistikası üzrə Vaşinqton Qrupu tərəfindən təqdim olunan metodologiyanın ölkəyə uyğunlaşdırılması həyata keçirilib. DSK tərəfindən nəşr olunan həyat keyfiyyətinin statistikası, əhali statistikası, sosial statistika ilə bağlı statistik məcmuələr və “TransMonEE” proqramı çərçivəsində UNİCEF-dən daxil olan sorğu vərəqələri tərtib edilərək mütəmadi olaraq Bakı Nümayəndəliyinə göndərilir”.

E.Karvardin səmimi görüşdən məmnun olduğunu bildirib. O, Azərbaycandakı fəaliyyəti dövründə digər dövlət qurumları kimi Statistika Komitəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.


Görüşdə Azərbaycan Hökuməti və UNİCEF arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində 2016-2017-ci illər üçün Dövri İş Planında Milli Statistika Sisteminin Təkmilləşdirilməsi ilə bağlı məsələr ətrafında fikir mübadiləsi aparılıb. Proqram sənədinin prioritetləri müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi