Yuxarı
    Bağlamaq

    ​Şimal-Cənub nəqliyyat dəhlizi üzrə birinci mərhələ bu il yekunlaşacaq

    Bu məqsədlə Azərbaycan tərəfindən işçi qrupu yaradılıb

    Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan-İran İqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan və İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə yaxından tanış olmaq üçün İranda səfərdə olub. Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Ş.Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxıb, Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirələr aparıblar.

    Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindəndir. Bu baxımdan, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi hər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.

    Qeyd edək ki, apreldə dəhlizin önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. Ümumilikdə 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq.

    Dəmir yolu körpüsünün tikinti xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Ümumiyyətlə, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır. Belə ki, artıq Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb. Uzunluğu 164 km olan Rəşt-Astara (İran) dəmir yolunun həyata keçirilməsi üzrə danışıqlar davam etdirilir.

    Bu məqsədlə Azərbaycan tərəfindən işçi qrupu yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi