Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin ərazisinə düşən obyektlərin köçürülməsinə başlanılıb

Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin ərazisinə düşən obyektlərin köçürülməsinə başlanılıb Ərazidən köçürülməsi planlaşdırılan 315 obyektdən 10-u yaşayış evidir
İnfrastruktur
4 İyul , 2016 10:24
Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin ərazisinə düşən obyektlərin köçürülməsinə başlanılıb

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın Astara dəmir yolu stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolunun 7 kilometrində torpaq yatağının işlənməsi başa çatıb. Eyni zamanda layihənin başlamasından bu vaxta qədər  Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsünün aşırımında 24 ədəd 32 metr dərinliyində özül qoyulub, iki aşırımın dayağı tikilib. Bu barədə "Report"a  “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. 

"Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi 280 min kubmetr qum, qaya daşı, çınqıl döşənib və köhnə dəmir-beton məmulatı döşənib. Bundan başqa, ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 7 ədədi artıq hazırdır. Eyni zamanda dəmir yolu xəttinin çəkildiyi əraziyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın vaxtlarda başa çatacaq. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 obyekt var. Bunun 10-u yaşayış evidir. Artıq 60 yaxın obyektin, o cümlədən 3 evin köçürülməsi başa çatıb. Digərlərinin sənədləşməsi aparılır", - deyə N.Əzməmmədov əlavə edib.

Qeyd edək ki, həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabrında Azərbaycan "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə qoşulub.

Son xəbərlər

Orphus sistemi