Yuxarı

Sərnişindaşıma şirkəti ilə Bakı Nəqliyyat Agentliyi arasında ziddiyətlər yaranıb - ARAŞDIRMA

Ötən gün marşrut xətlərinin ləvği tərəflər arasında mübahisəyə səbəb olub

Bakı. 10 iyun. REPORT.AZ/ Bakıda ötən gündən etibarən ictimai nəqliyyatda 16, 18 və 96 saylı marşrut xətlərinin fəaliyyəti dayandırılıb. Bu qərarın qanunvericilikdən irəli gələn və Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla əlaqədar olduğu əsaslandırılıb. Qeyd edilən marşrut xətləri Bakıda ən iri sərnişin daşıyıcısı hesab edilən “Xaliq Faiqoğlu” şirkətinə məxsusdur. Şirkət verilən bu qərara etiraz edir və onun qərəzli olduğunu düşünür.

Bakıda "Xaliq Faiqoğlu” şirkətinə ümumilikdə 15 marşrut xətti məxsus olub. Ötən gün şirkət 16, 18 və 96 saylı xətlərindən məhrum olub və hazırda ancaq 20, 37, 52, 61, 65, 79, 85, 114, 119, 135, 199 saylı xətlərə nəzarət edir.

Şirkətin nümayəndəsi Füzuli Sadıqov BNA-nın "Xaliq Faiqoğlu" şirkətini "BakuBus" MMC-yə rəqib olaraq nəzərdən keçirdiyini və şirkəti ictimai nəqliyyat sahəsindən çıxarmaq məqsədi daşıdığını iddia edir: "Çünki Bakıda bizim kimi ikinci böyük şirkət yoxdur. "BakuBus" bizimlə rəqabətdə özünü doğrulda bilmir, bizim kimi təcrübəyə malik deyil. Dövlət büdcəsindən bu şirkətə külli miqardarda maliyyə vəsaiti ayrılıb, marşrut xətləri onlar üçün sistemləşdirilib. Lakin onlar öz xətlərində fəaliyyət göstərmirlər və bizi mövcud xəttimizdən kənarlaşdırır, o xətti ələ keçirirlər. Bu qərarın ancaq bizə şamil olunmasını qərəz hesab edirik. Hazırda 50 avtobusumuz qarajda durur və nəticə etibarilə 200 işçinin işsiz qalması, eyni zamanda isə 200 iş yerinin bağlanması deməkdir. İşsiz qalan bu qədər insanın ailəsi var, onların aqibətinin necə olacağını heç kəs düşünmür, onlar etiraz etməyə hazırlaşırlar".

F.Sadıqov əlavə edib ki, əvvəlki üç xəttin bağlanması şirkətə sosial problemlərlə yanaşı, maliyyə sıxıntıları da yaradıb. Belə ki, şirkətin malik olduğu nəqliyyat vasitələri bankda girov qismində saxlanılır və 20 milyon dollardan çox kredit borcu var. Marşrut xətlərinin fəaliyyətinin dayandırılması şirkəti banklar qarşısında çıxılmaz vəziyyətdə qoyaqcaq: "BNA bizim şirkəti tələblərə cavab verməməkdə və təkrarlanan marşrut xətlərini istifadə etməkdə günahlandırır: "Halbuki "Xalıq Faiqoğlu”nun avtobusları 2012-2013-cü il istehsalı olan “Daewoo” markalı nəqliyyat vasitələridir. Bunlar dövlətin sifarişi ilə ölkəyə gətirilib. 

Bundan başqa, avtobuslarda nəğdsiz ödəniş sisteminin tətbiq edilməsi üçün “Bakı Kart” ilə müqavilə imzaladıq və 400 avtobusa ödəniş terminallarının quraşdırılması üçün 1 mln. 297 min dollar vəsait ödədik. İlkin mərhələyə görə bu sistem 130 avtobusa quraşdırılmalı idi. 18, 79, 85, 61, 65, 96 saylı avtobuslara kart quraşdırılması məqsədilə isə 421 min dollar bank vasitəsilə ödənilib. Avtobuslarda fiziki qüsurlu insanlar üçün panduslar quraşdırılıb, kondisioner sistemi ilə təchiz olunub. Bütün bunlar olduğu halda şirkətin hansı tələblərə cavab vermədiyini demək ancaq qərəz hesab oluna bilər. BNA normal qaydada fəaliyyət göstərsəydi və bu sahədən anlayışı olsaydı, bizi öncədən xəbərdar etməli idi. Bu qurum ancaq "BakuBus" MMC üçün işləyir. Hansısa məsələ ilə bağlı verdikləri qərarlar ancaq kağız üzərində qalır və icra olunmur. Quruma dəfələrlə məktub ünvanlamışam, amma indiyədək heç bir cavab almamışam. Məsələn, bu üç xəttin bağlanması barədə rəsmi qərar bizə hələ də daxil olmayıb. Bizə heç bir güzəşt olmadan marşrutları bağlayıblar, avtobusları xəttdən kənarlaşdırıblar".

Bakı şəhərində nəqliyyatın hərəkətini tənzimləyən Bakı Nəqliyyat Agentliyi isə şirkətin əslində xidmət göstərmək istəmədiyini bildirib. Belə ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova qeyd edib ki, agentlik "Xaliq Faiqoğlu" MMC-yə kənarlaşdırılan xətlərin müqabilində alternativ xətlər təklif edib, lakin şirkət həmin xətləri qəbul etməyib.

"Şirkət bizi ancaq "BakuBus" MMC üçün şərait yaratmaqda ittiham edir. Halbuki "BakuBus" hansı isə fərdi sahibkara məxsus şirkət deyil və dövlət başçısının sərəncamı ilə Bakı İcra Hakimiyyətinin balansında yaradılıb. "Xaliq Faiqoğlu" şirkətinin sahibkarları BNA yarananadək şəhərin mərkəzində daha rentabelli ərazilərdə fəaliyyət göstəriblər. Biz şirkətə alternativ xətlər təklif etdik, lakin şirkət həmin ərazilərdən əldə edəcək vəsaitin kifayət qədər olmayacağını düşünərək, o xətlərdən imtina edib. Bu, o deməkdir ki, şirkətin məqsədi xidmət göstərmək deyil, başqadır. Bakı Nəqliyyat Agentliyini də onların niyyəti maraqlandırmır.

Bundan başqa, BNA yaranandan bu günə kimi müəyyən edilmiş qanunvericilikdən irəli gələn tələbləri və yeni nəqliyyat konsepsiyasını daşıyıcıların qarşısına qoyub. Onlarla dəfələrlə Bakı Nəqliyyat Agentliyində görüş keçirilib. Sonuncu görüş bir gün əvvəl olub. Görüşlərdə onlara vaxt verdiyimizi xatırlatdıq.

"Bu şərtlər təkcə avtosbusların rəngləri, kənardan gözəl görünmələri ilə ölçülmür. Biz daşıyıcılara bildirmişik ki, həmin 3 xəttin ləvğ olunmasında əsas məqsəd həmin xətlərin eyni yol üzərinə düşməsidir. Bu gün Bakının ən böyük problemlərindən biri odur ki, bəzi istiqamətlər üzrə bir neçə marşrut xətti hərəkət edir və ya xüsusilə də gərgin saatlarda sıxılq həddindən çox olur. Bununla bağlı bir sıra problemlər var. Eyni yolda iki daşıyıcının olması, əslində, marşrut xətləri çatmayan digər trayektoriyalar üzrə də çətinlik yaradır. Biz bu balansı qorumaqla, sözü gedən üst-üstə düşən marşrutları xəttdən kənarlaşdırmışıq. 

Bundan başqa, onların qarşısına bir sıra tələblər qoyulub, hər məktublarına cavab məktubu gəlib. Hər məktubları əsaslandırılaraq, qanunvercilik əsas götürülərək izah olunub. Hər dəfə bildirilib ki, sözügedən problemlər aradan qaldırılmalıdır. Biz mütəmadi olaraq sərnişinlərdən şikayətlər qəbul edirdik. Məsələn, avtobuslarda kondisionerin olmaması, sürücülərin təhlükəli idarəetmələri barədə şikayətlər avtomatik olaraq birbaşa onlara göndərilib. Bir sözlə, bütün bu problemlər aradan qaldırılanadək bu tədbirlər davam etdiriləcək", - deyə N. Allahyarova söyləyib.

Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverdiyev isə yaranmış mübahisəli məsələnin həll yolunu danışıqlar aparmaqda görür. Mütəxəssisin fikrincə, marşrut xətləri nəqliyyat konspesiyasında qeyd edilən şərtlərə cavab verirsə, onlar fəaliyyət göstərməlidirlər və buna şərait yaradılmalıdır.

"Bu da mümkün deyilsə, həmin marşrutlar üzrə digər avtobusların hərəkəti təmin edilməlidir. Bu da BNA-nın nəzarətindədir. Əgər şirkətin maliyyə imkanı buna yetmirsə, onu bacaran digər şirkətə təklif edilməli və işsiz qalan sürücülərin də təcrübəsi varsa, onlar da yeni şirkətə işə cəlb oluna bilərlər.

Bu mübahisəli məsələdə hər iki tərəfin arqumentləri var. İndi burada mübahisə yaranıb, hər kəs qarşı tərəfi ittiham edir. Düşünürəm ki, onlar masa arxasına əyləşməli və məsələni araşdırmalıdırlar. Hansısa qurumun çox sərt ittihamı varsa, məhkəmə orqanı vasitəsilə məsələyə aydınlıq gətirilə bilər. Amma istənilən halda məhkəməyə qədər tərəflərin hər biri özünün haqlı olacağı sübutları təqdim etməlidir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi