Şəki və Zaqatalada abadlıq-quruculuq işlərinə ümumilikdə 8 milyon manat ayrılıb

Şəki və Zaqatalada abadlıq-quruculuq işlərinə ümumilikdə 8 milyon manat ayrılıb Prezident İlham Əliyev sərəncamlar imzalayıb
İnfrastruktur
5 Noyabr , 2015 18:52
Şəki və Zaqatalada abadlıq-quruculuq işlərinə ümumilikdə 8 milyon manat ayrılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Şəki şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhərində son illərdə mühüm infrastruktur və sosial yönümlü layihələr həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, əlil və şəhid ailələri üçün 114 mənzilli 4 yaşayış binası inşa edilib, Şəki Dövlət Dram Teatrının binası, 3500 yerlik şəhər stadionu yenidən qurulub, bir sıra tarixi və mədəniyyət abidələri bərpa olunub, müasir tələblərə cavab verən yeni turizm obyektləri, emal və istehsal müəssisələri, modul tipli elektrik stansiyası tikilərək istifadəyə verilib, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb.

Sərəncamla Şəki şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətləndirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Dövlət başçısı həmçinin Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, son illər Zaqatala şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inzibati binası tikilərək istifadəyə verilib, Rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, Rayon Mədəniyyət Evi əsaslı təmir olunub, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilib, şəhərin su təchizatı sistemi yenidən qurulub, mərkəzi küçələrinə yeni asfalt örtüyü salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

Sərəncamla Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon, o cümlədən 12 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi