Yuxarı

​Samuxda “Kütləvi çıxarış” kampaniyası keçirilib

Rayonun 180-ə yaxın vətəndaşı daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən yararlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 22-də Samuxda “Kütləvi çıxarış” kampaniyası keçirib. “Report” Komitəyə istinadən bildirir ki, kampaniya çərçivəsində rayonun 180-ə yaxın vətəndaşı Komitənin təqdim etdiyi daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən yararlanıb.

Xidmətləri birbaşa ünvana çatdıran kampaniyada 100-ə yaxın sakinə “bir pəncərə” prinsipi əsasında dövlət reyestrindən çıxarış təqdim olunub. Bununla belə, 80-ə yaxın vətəndaşdan mülkiyyət hüququnu təsdiq edən ilkin sənədlər qəbul edilib, vətəndaşlara qeydiyyat və torpaq idarəçiliyi ilə bağlı hüquqi izahlar və məsləhətlər verilib, onların sualları cavablandırılıb.

Kampaniya çərçivəsində ilk dəfə olaraq qeydiyyat alınacaq daşınmaz əmlakın texniki parametrlərinin və coğrafi yerləşməsinin müəyyən edilməsi məqsədilə mobil ofislər vasitəsilə çöl-ölçmə və inventarlaşdırma xidmətləri də göstərilib. Göstərilən xidmətlər zamanı ƏMDK-nin texniki mühəndisləri birbaşa yerlərə, torpaq sahələrinə və həyət evlərinə gedərək ölçmə işləri aparıb və texniki sənədlərin tərtibi ilə bağlı işlər həyata keçirilib.

Qeyd edək ki, indiyədək ölkə üzrə mobil ofis xidmətləri vasitəsilə vətəndaşlardan 86 mindən çox müraciət qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi