Yuxarı
    Bağlamaq

    “Şamaxinka”da avtonəqliyyatın hərəkətində dəyişikliklər edilir

    Bu, ərazidə sıxlığın qarşısını almaq üçün icra edilir

    Bakı. 12 yanvar. REPORT.AZ/ Bakıda müəyyən ərazilərdə avtonəqliyyat vasitələlərinin sıxlığını azaltmaq məqsədi ilə “Azəravtoyol” ASC kompleks tədbirlər həyata keçirir. 

    “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, bu tədbirlər çərçivəsində Moskva prospektinin köməkçi yolunda, Bakı-Sumqayıt yolundan “Şamaxinka” deyilən əraziyə girişdə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edilir.

    Belə ki, xüsusən günün pik saatlarında sözügedən əraziyə avtonəqliyyat vasitələrinin həm Bakı Dairəvi-1 avtomobil yolundan, həm də Sumqayıt şəhəri istiqamətindən daxil olması və bir-çox hallarda sürücülərin avtomobili nizamsız şəkildə idarə etməsi tıxaca, hərəkətin iflic olmasına səbəb olur. Sıxlığın, o cümlədən, hər iki istiqamətdən daxil olan avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə mane olmasının qarşısını almaq məqsədi ilə prospektin köməkçi yolundakı sağ kənar zolaq sırf Bakı Dairəvi-1 avtomobil yolundan gələn avtomobillər üçün ayrılır. Sağ kənar zolağı digər iki zolaqdan ayırmaq üçün yola dəmir-beton maneələr düzülür.

    Maneələr tunelin üzərində yerləşən birinci geri dönməyə qədər düzüləcək. Bununla da, dairəvi yoldan gələn avtonəqliyyat vasitələri məcburi şəkildə ancaq tunelin üzərindəki ikinci geri dönmədən istifadə edərək geri dönməni həyata keçirə biləcək. Təbii ki, düzünə, 20 Yanvar dairəsinə doğru da maneəsiz şəkildə hərəkət mümkün olacaq. Nəticədə, Sumqayıt şəhəri istiqamətindən gələn avtonəqliyyat vasitələri ilə dairəvi yoldan çıxan avtomobillərin həmin ərazidə kəsişməsi aradan qaldırılaraq tıxac müəyyən qədər azaldılmış olacaq.

    “Şamaxinka” ərazisində ediləcək daha bir dəyişiklik yolun genişləndirilməsi ilə bağlıdır. Belə ki, yol sağa doğru 3-4 metr enində genişləndiriləcək. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Genişləndirmədən sonra yolda daha 1 hərəkət zolağı yaranacaq.

    Genişləndirmə işləri ilkin etapda Moskva prospektinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən 2-ci Alatava küçəsi ilə kəsişməyədək olan hissəsində aparılacaq. İşlərinin qısa müddət ərzində və hərəkətə maksimum dərəcədə maneə yaratmadan aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi