Yuxarı

Şamaxıda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi yekunlaşıb

Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4 100 ünvan qoşulub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yekunlaşıb.

Bu barədə “Report“a “Azərsu” ASC-dən məlumat verilib.

Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmaqla 3 mərhələdə həyata keçirlir.

İstehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə su mənbəyi Pirsaatçay seçilib. Layihənin birinci mərhələsi çərçivəsində çayın məcrasında 2 441 metr uzunluğunda drenaj tipli suqəbuledici və xlorator qurğuları, ümumi həcmi 1 000 kubmetr olan 2 ədəd su anbarı, 3 ədəd su nasos stansiyası tikilib. Layihə çərçivəsində su mənbəyindən anbarlara qədər 3,4 km özüaxımlı magistral və anbarlararası kəmərlər çəkilib və laboratoriya binası inşa edilib.

Layihənin ikinci mərhələsində Şamaxı şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilib. Su təchizatının dayanıqlığını və özüaxımlı rejimdə nəqlini təmin etmək üçün ümumi tutumu 7 min kubmetr olan 4 ədəd anbar inşa edilib. Şəhər üzrə layihələndirilən 131 km içməli su şəbəkənin 125 km-lik hissəsində işlər başa çatdırılıb, 7 minə yaxın ünvana birləşmə verilib. Eyni zamanda 130 km kanalizasiya şəbəkəsinin 114 km-lik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 2 692 ədəd kanalizasiya baxış quyusu inşa edilib. Kanalizasiya şəbəkəsinin hazır hissəsinə 4 100 ünvan qoşulub.

Şamaxı şəhərində yaranacaq tullantı suların təmizlənməsi layihənin sonuncu mərhələsi çərçivəsində hazırda inşası davam etdirilən və sutkalıq məhsuldarlığı 10 min kubmetr olan çirkab sutəmizləyci qurğuda həyata keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi