Yuxarı

Salyanda nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunub

Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib

Bakı. 20 avqust. REPORT.AZ/ "Bəzi işçilərə faktiki işləmədikləri halda əmək haqqı ödənilib, təmizlik işlərinə xidmət məqsədi ilə vəzifələr müəyyənləşdirilərkən əməyin ödənişi üzrə işçilərə müvafiq dərəcə təyin olunmayıb, bəzi vəzifələr üzrə əmək haqqı düzgün müəyyənləşdirilməyib və nəticədə artıq əmək haqqı ödənilib". "Report" xəbər verir ki, bu barədə Azərbaycan Hesablama Palatasının 2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatında qeyd edilib.

Hesabata deyilir ki, auditlə əhatə olunmuş qurumlar tərəfindən proqnozların tərtibi zamanı “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” nəzərə alınmayıb:

“Küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi, yaşıllıqlara xidmət xərcləri proqnozlaşdırılan zaman müntəzəm süpürülən, qulluq edilən yaşıllıq sahələrinin və işıq nöqtələrinin dislokasiyası tərtib edilməyib, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi xərclərinin icrası zamanı vəsaitlərin funksional təyinatı dəyişdirilib, malların (işlərin və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyib, iddiaçılarla bağlı zəruri məlumatların araşdırılmaması müqavilələrə xitam verilməsi ilə nəticələnib”.

Palata həmçinin əsaslı təmir işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi yolun istismar müddətinin azalmasına şərait yaratdığını da qeyd edib:

“Həmçinin, yolun kənar hissələrində norma üzrə nəzərdə tutulan maillik dərəcəsinə riayət edilmədiyindən yağış suları yolun səthində qalaraq onun vaxtından əvvəl sıradan çıxmasına öz təsirini göstərib, mənzil fondunun əsaslı təmiri işləri aparılmış bir sıra obyektlərdə işlər podratçılar tərəfindən tam yerinə yetirilməyib, təsdiq edilmiş tələblərə riayət edilməməsi səbəbindən bir sıra abadlıq və təmir işləri keyfiyyətsiz yerinə yetirilib, küçələrin işıqlandırılması üzrə kreditor borcu olmadığı halda vəsait ödənilib, ilin sonunda icraçı təşkilatlarla üzləşmə aktları tərtib edilməyib”.

Palatanın hesabatına görə, auditlə əhatə olunan qurumlar tərəfindən ağac və əkin materiallarının alınması məqsədilə təhtəlhesab şəxsə verilmiş vəsait təsdiqedici sənədlər tam olmadan silinib, bir sıra hallarda faktiki işləməyən işçilərə əmək haqqı hesablanıb və kassada saxlanılaraq digər məqsədlərə xərc edilmiş, əmlak və öhdəliklərin illik inventarizasiyası aparılmamış, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, əvəzsiz olaraq istifadəsinə verilmiş çoxillik əkmələr, ağaclar və yaşıl çəmənlər uçota alınmayıb.

Hesablama Palatasının Kollegiyası Salyan rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Salyan rayon İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, audit 4 qurumun fəaliyyətini və ümumilikdə 2 850,6 min manat məbləğində vəsaiti əhatə edib, həmin qurumlar tərəfindən 10 150 nəfərə, dövlət və özəl mülkiyyətdə olan müvafiq olaraq 111,4 min kv. metr və 55,7 min kv. metr mənzil sahəsinə xidmət göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi