Yuxarı

Sabirabad və Biləsuvarda nasos stansiyasının tikinti işlərinə başlanılıb

Əhməd Əhmədzadə: Bu il 65 min ha sahənin, o cümlədən 16 min ha yeni suvarılacaq sahələr suvarma suyu ilə təmin ediləcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Pambıqçılığın, taxılçılığın, tütünçülüyün inkişaf etdirilməsi ilə əlaqədar, bu sahənin inkişafında mühüm rol oynayan layihələr üzrə tikinti işləri davam etdirilir və yeni layihələrin icrasına başlanılıb”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirib.

Onun deyib ki, Xızı, Siyəzən və Şabran rayonlarında meliorativ tədbirlər bu ildə davam etdirilməklə 6167, o cümlədən 4427 ha yeni suvarılan torpaqların istifadəyə verilməsi və 1740 ha sahənin su təminatının yaxşılaşdırılması təmin ediləcək: “Şabranda 13806 ha yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin həyata keçirilməsi ilə əlaqədar tikinti işlərinə başlanılıb. Şəmkirçay su anbarı zonasında Şəmkir maşın kanalının 2-ci növbəsinin tikintisini davam etdirməklə Goranboy rayonunda 8 min ha (onun 980 hektarı yeni suvarılan torpaqlar) sahəyə suvarma suyunun çatdırılması, Göygöl rayonunda isə 1873 ha (onun 700 hektarı yeni suvarılan torpaqlar) sahədə suya qənaətedici və mütərəqqi suvarma texnikasının tətbiqinə geniş imkan yaradan müasir qapalı suvarma şəbəkəsinin tikintisi işləri davam etdiriləcək. Eyni zamanda dövlət başçısının sərəncamları ilə ehtiyat fondundan ayrılan vəsait hesabına 2013-2015-ci illərdə əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Azərbaycanın əhalisi 1,1 milyon nəfərdən çox olan 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılıb”.

“Eyni zamanda Dünya Bankının krediti hesabına ölkənin 8 rayonunda içməli su təchizatı, kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib. Ağsu, İsmayıllı, Siyəzən, Şabran, Yardımlı və Masallı rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılıb. Bundan başqa, bu il Tovuz və Şəmkir rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına, yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarı istifadəyə verilib. Ölkədə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın, taxılçılığın və heyvandarlığın inkişafına geniş imkan yaradılması məqsədilə Kür çayında nasos stansiyasının tikintisi ilə Salyan rayonunda 12589, Arazın Yeni Qolunun tikintisi ilə İmişli, Saatlı və Biləsuvar rayonlarında 39493 ha az məhsuldar qış otlaq sahələrində meliorativ tədbirlər aparmaqla kənd təsərrüfatı dövriyyəsinə verilməsinin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb. Neftçalada 19020 ha (ondan 5620 hektar yeni suvarılan) torpaq sahəsində suvarma suyunun çatdırılmasını təmin edəcək Neftçala magistral kanalının, Ağcabədi rayonunun 7737 ha qış otlaq sahələrinə suvarma suyunun verilməsi üçün Yuxarı Mil kanalının tikintisi davam etdiriləcək” - ASC sədri vurğulayıb.

Ə.Əhmədzadə qeyd edib ki, Sabirabad və Biləsuvar rayonlarında 15950 ha az məhsuldar qış otlaq sahələrinə Kür çayından suvarma suyunun verilməsi məqsədilə nasos stansiyasının tikinti işlərinə başlanılıb: “Eyni zamanda Sabirabadın 11498 ha əkin sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədilə Kür çayı üzərində nasos stansiyasının, suvarma kanallarının, işğal ərazisi ilə təmas və sərhəd zonalarında yerləşən Füzuli, Qazax, Tovuz və digər rayonların torpaqlarını suvarma suyu ilə təmin etmək üçün nasos stansiyalarının və suvarma kanallarının tikintisi işləri aparılacaq. Ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün ümumi sututumu 115 milyon kubmetr olan Əlicançay su anbarının tikintisinin layihə sənədlərinin hazırlanmasına başlanılıb. Bu su anbarının tikintisi ilə Şəki rayonunun 16100 ha (onun 10500 hektarı yeni suvarılan torpaqlar) torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsinə imkan yaranacaq. Həmçinin ölkənin Şəki-Zaqatala zonasında layihə sənədləri olan hazır Yengicə su anbarının tikintisi ilə 10 min ha (onun 6662 hektarı yeni suvarılan torpaqlar) sahədə torpaqların suvarma suyu ilə təmin edilməsi mümkün olacaq. Ümumilikdə bu il üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə 65 min ha sahənin, o cümlədən 16 min ha yeni suvarılacaq sahələr suvarma suyu ilə təmin ediləcək, 4 min ha sahədə isə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi