Yuxarı
    Bağlamaq

    Sabah "İnşaatçılar" metro stansiyasının I vestibülü istifadəyə veriləcək

    Üç eskalator Almaniyanın Thyssen Krupp şirkətinin Tugela tipli analoqları ilə əvəzlənib© Metro.gov.az

    Bakı. 17 aprel. REPORT.AZ/ Sabah saat 06:00-dan "İnşaatçılar" metro stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq. 

    "Bakı Metropoliteni" QSC-dən "Report"a daxil olan məlumata görə, təmir müddətində stansiyanın 30 illik istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela" tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilmiş, həm də müasir estetik görkəmi ilə seçilir.

    "Ötən müddət ərzində eskalatorların maşın zalı, vestübülün kassa zalı tam yeniləşdirilib, mərmər-qranit örtüyü dəyişdirilib. Sərnişin keçid məntəqəsində yeni avtomat-nəzarət buraxılış köşkü və aparatları qoyulub. Əvvəlki kassa zalının qarşısında "BakıKart" kart yükləmə və satışı aparatlarının rahat və sərnişinlərə maneə törətmədən yerləşdirilməsi üçün xüsusi yer inşa olunub. Bundan savayı, həm girişdə eskalatorlara qədər, həm də eskalatorlardan çıxış qapısına qədər relyefli səthə malik tametdən yaradılmış zolaq tətbiq edilib və bu, görmə məhdudiyyətli sərnişinlərin özünün səmti asanlıqla müəyyənləşdirməsi üçün nəzərdə tutulub", - deyə məlumatda bildirilib.

    Qeyd edək ki, 1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini baş vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvarın 23-dən sərnişinlərin giriş-çıxışına bağlanılıb. Təmir dövründə vestibülün bütün elektrik təchizatı, yanğın təhlükəsizliyi və elektromexaniki qurğuları yeniləşdirilərək müasir tələblər səviyyəsinə çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi