Saatlı rayonunda 19 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir

Saatlı rayonunda 19 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir Ümumilikdə, 175 min kv. metr ərazinin asfaltlanması nəzərdə tutulub
İnfrastruktur
10 Oktyabr , 2016 11:57
Saatlı rayonunda 19 yaşayış məntəqəsini birləşdirən yol inşa edilir

Bakı. 10 oktyabr. REPORT.AZ/ Saatlı rayonunun Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən inşaat işləri davam etdirilir.

"Report"un Cəmiyyətə istinadən verdiyi xəbərə görə, yolun uzunluğu 39 km-dir. Artıq 10 km-də işlər yekunlaşıb, hazırda digər 29 km-lik hissədə tikinti davam etdirilir.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Hazırda qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Buna paralel olaraq yola ikiqat asfalt-beton örtüyü döşənir. Ümumilikdə, 175 min kv. metr ərazinin asfaltlanması nəzərdə tutulub.

Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 37 ədəd suötürücü boruların tikintisi də aparılır. Bundan başqa avtomobil yolunun 7, 31 və 39-cu km-lik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərinin təmiri aparılıb.

Bütün işlər qrafikə uyğun aparılır, əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Tikinti işləri bitdikdən sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikintisi 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.

Son xəbərlər

Orphus sistemi