Rusiya gəmisi Azərbaycan zavodunda təmir olunur

Rusiya gəmisi Azərbaycan zavodunda təmir olunur “Axtubinsk” adlı gəmi əvvəllər “Sovet Azərbaycanının 50 illiyi” adlanıb
İnfrastruktur
23 May , 2017 12:49
Rusiya gəmisi Azərbaycan zavodunda təmir olunur
Acsc.az

Bakı. 23 may. REPORT.AZ/ Rusiyaya məxsus “Axtubinsk” torpaqsoran gəmi Zığ Gəmi Təmiri Zavodunda təmir olunur.

“Report” "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən xəbər verir ki, dedveyti 415 ton, uzunluğu 70 metr, eni 13,3 metr olan gəmidə bir sıra təmir işləri aparılır. Belə ki, gəminin baş mühərriki, baş mühərrikin yanacaq aparatları, soyutma nasosları, su soyuducusu, kompressorları, köməkçi mühərrikləri və s. əsaslı təmir edilir. Eyni zamanda, gəminin torpaqsoran nasosu, kranı, yerqazan frezi, boru sistemləri, elektrik şitləri, generatorları və sair sazlanır, kayutlarda təmir işləri həyata keçirilir. Gəminin gövdəsinin sualtı və suüstü hissələrinin qismən rənglənməsi başa çatdırılıb.

“Axtubinsk”ə yedək və təchizat xidmətləri göstərən “MZ 152” gəmisi də Zığ Gəmi Təmiri Zavodunda təmirdədir. Gəminin mühərrik və nasosları əsaslı təmir olunub, gövdəsində zəruri qaynaq işləri görülüb. Qeyd edək ki, bu gəminin funksiyası dənizdə müxtəlif işlər zamanı “Axtubinsk”ə yardım etməkdir.

“Axtubinsk” gəmisi əvvəllər “Sovet Azərbaycanının 50 illiyi” adlanıb və Xəzər Dəniz Gəmiçiliyinin Bakıda yerləşən keçmiş Vano Sturua adına Gəmi Təmiri-Gəmiqayırma Zavodunda inşa edilib. Bünövrəsi 1967-ci ilin dekabrında qoyulub, 1971-ci ilin aprelində inşası başa çatıb.

Ötən əsrin 70-ci illərində 16 ədəd bu tip torpaqsoran gəmi tikmək planlaşdırılırdı. İndi “Axtubinsk”, o vaxtlar isə “Sovet Azərbaycanının 50 illiyi” adlanan bu gəmi flaqman hesab olunurdu. Gəmi hazırda Rusiya Federasiyasının dövlət bayrağı altında istismar edilir.

Gəmi dibdərinləşdirmə işlərin görülməsi üçün nəzərdə tutulub. Heyətin 36 üzvü var. Sürəti 10 uzel olan gəminin təmir işləri yaxın vaxtlarda yekunlaşacaq.

Xatırladaq ki, Zığ Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdir. Zavod həmçinin gəmi sistem və qurğularının, mühərriklərin, cihazların quraşdırılması və sazlanmasını, gəmilərin doka qaldırılaraq, sualtı gövdə, sükan və vintlərinin yoxlanılmasını, onların təmizləmə və rəngləmə işlərini həyata keçirir. Zavodun strukturuna mexaniki-təmir, gövdə-qaynaq, tərsanə, təmizləmə-rəngləmə bölmələri, enerji-mexaniki xidmət, ağac emalı, tökmə və elektrik-quraşdırma sahələri daxildir.

Son xəbərlər

Orphus sistemi