Yuxarı

Regionda ilk Data Mərkəzinin istismara verilmə tarixi məlum olub

Məlumatların saxlama həcmi 30 petabayt təşkil edəcək

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanda Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) yaxın zamanlada istismara verilməsi nəzərdə tutulur. Bu, informasiya texnologiyaları sahəsində Azərbaycanda baş verən mühüm hadisə olacaq. Bütün proseslər başa çatdıqdan sonra DATA Mərkəzlərin sertifikatlaşdırılması sahəsində ixtisaslaşan “Uptime” İnstitutunun mütəxəssisləri sertifikatlaşdırma (design certificate və facility certificate) mərhələsini yerinə yetirəcəklər. "Report" xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev bildirib.

Onun sözlərinə görə, bu sertifikatın əldə olunmasını zərurətə çevirən amil ondan ibarətdir ki, beynəlxalq operatorlar trafik mübadiləsi zamanı DATA Mərkəzlərin “Uptime” İnstitutunun müəyyənləşdirdiyi meyarlara cavab verməsini əsas tələb kimi irəli sürürlər. Ona görə də hazırda Almaniyanın "N" şirkəti və “Uptime” İnstitutu tərəfindən sertifikatlaşdırma məsələlərinin həyata keçirilməsi ilə bağlı işlər aparılır.

"Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də respublikanı regionun tranzit informasiya mərkəzinə çevirməkdir. Ölkədə bu istiqamətdə daha bir ilkə imza atılması - Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) qurulması üzrə işlərə başlanması bu məqsədin reallaşmasına artıq bir addım da yaxınlaşdırır. Azərbaycanda ilk Tier III səviyyəli regional DATA mərkəzinin qurulması İKT sahəsində əldə olunan ən böyük uğurlardan hesab edilir", - M.Quliyev bildirib.

Qeyd edək ki, DATA Mərkəz kimi tanıdığımız MESM-lər hazırda dünyanın bir çox ölkələrində mövcuddur. Data Mərkəzin ümumi enerji istifadəsi 2 MVt-dır. Mərkəzin ümumi sahəsi 1000 m2 təşkil edir. Lakin infrastruktur elə hesablanıb ki, onu genişləndirmək və yeni telekommunikasiya rəfləri əlavə etmək mümkündür. İlk mərhələdə rəflərin sayı 200 olacaq. Məlumatların saxlama həcmi 30 petabayt, ötürülmə sürəti isə 10-100 GE təşkil edəcək.

Tier III ümumilikdə 4 səviyyəli qiymətləndirməyə uyğun olaraq yüksək kateqoriyalı səviyyə sayılır. Bu kateqoriyaya əsasən, mövcud mühəndis infrastrukturunun bütün alt sistemlərinin ehtiyatlılığı, sistemin imtinaya qarşı dayanıqlılığı təmin olunur. Sadəcə olaraq analoji standartlar əsasında Data Mərkəzlər quran digər xidmət təchizatçılarının təkliflərindən fərqli olaraq, dayanıqlığın təmin olunması real zəmanət deməkdir, yəni Tier III səviyyəli Məlumat Mərkəzlərin iş fəaliyyətinin 100%-lik əmsal üzrə 99,982% etibarlılıq təmin olunacaq. Belə Mərkəzlərdə il ərzində cəmi dayanma vaxtı 1,6 saat ola bilər. Bütün bunlar texniki şərtlərdə nəzərə alınıb.

Həmçinin layihəyə əsasən, başqa bir coğrafi ərazidə MESM-in ehtiyat mərkəzinin yaradılması da nəzərdə tutulur. MESM-in qurulması üçün ATS-594 binası tamamilə boşaldılıb və hazırda belə mərkəzlər üçün nəzərdə tutulan texniki tələblərə əsasən binada rekonstruksiya işləri aparılır.

Bu layihə çərçivəsində dünyanın məşhur telekommunikasiya operatorları Azərbaycan bazarına cəlb olunacaq. Layihənin icrasında əsas hədəf MESM-i regional informasiya mərkəzinə çevirməkdir. Data Mərkəzin yaradılması ilə Azərbaycan Şərqlə Qərb arasında tranzit informasiya HAB-ına çevriləcək. Ölkədə Tier III səviyyəli MESM-in mövcudluğu regional bazarda marağı olan beynəlxalq operatorlar, o cümlədən ABŞ, Fransa, Almaniyanın tanınmış telekommunikasiya operatorları üçün səmərəli şərait yaradacaq. Eyni zamanda, regional mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlbinə xidmət edəcək və dünya üzrə iri İT xidmətləri provayderlərinin bizim data mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi