Rafiq Cəlilov: "Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi zamanı inflyasiya nəzərə alınacaq"

Rafiq Cəlilov: "Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi zamanı inflyasiya nəzərə alınacaq" Kütləvi qiymətləndirmənin nəticələrindən dövlət və özəl qurumlar, həmçinin əhali istifadə edə biləcək
İnfrastruktur
9 Aprel , 2015 14:23
Rafiq Cəlilov: Daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi zamanı inflyasiya nəzərə alınacaq

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda tətbiqinə başlanılan daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi fərdi qiymətləndirməni istisna etmir. Burada söhbət bütün əmlakın bir mərkəzdən kompakt şəkildə son üsullarla vahid standartlara uyğun qiymətləndirilməsindən gedir. "Report" xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında bildirib.

"Kütləvi qiymətləndirmə subyektivlikdən kənar olur, obyektiv qiymətləndirmə aparılır. Kompüter proqramları əsasında kütləvi qiymətləndirmədən söhbət gedir. Daha sonra məlumat bazasından bütün dövlət qurumları istifadə edə biləcək. Bu baza əsasında gələcəkdə həmin əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilə bilər. Məlumat bazasından banklar ipoteka məsələsində istifadə edə bilər, sığorta məsələsində, sosial subsidiyalar həyata keçirilərkən, alqı-satqı əməliyyatları zamanı, daşınmaz əmlak bazarının təhlili və statistikası çıxarılarkən də istifadə etmək mümkün olacaq", - deyə R.Cəlilov qeyd edib.

Onun sözlərinə görə, daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi sistemi inkişaf etmiş dövlətlərdə 50 il bundan qabaq yaranıb. Azərbaycanda isə ilk dəfə Sumqayıt şəhərində pilot layihə olaraq həyata keçirilib. Daşınmaz əmlakın idarəçiliyi sahəsində məsul qurum olaraq Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıtda daşınmaz əmlakn kütləvi qiymətləndirilməsini həyata keçirib. Bu sahədə xarici ölkələrin təcrübəsi öyrənilərək tətbiq olunub: 12 min kv. metrlik bir ərazidə 80 min daşınmaz əmlak bazar qiymətlərinə uyğun qiymətləndirilib. R.Cəlilov hazırda daşınmaz əmlakın bazar məlumatları reyestri sistemi yaradıldığını və ilin sonuna həmin sistemi dövlət qurumları, özəl qurumlar və vətəndaşların istifadəsinə veriləcəyini deyib.

Məlumat bazasına daxil olmaqla sadə vətəndaşlar özünə uyğun və digər əmlakların qiymətlərini öyrənəcək, müqayisə edəcək, əmlakın qiymətinin düzgün olub-olmadığını müəyyən edə biləcək. Bununla yanaşı, yerləşdiyi ərazi, kommunikasiya xətlərinə yaxınlığı və s. müəyyən olunacaq.

"Kütləvi qiymətləndirmənin bir əhəmiyyəti də odur ki, dövrü olaraq həmin qiymətlər yenidən baxıla bilər, yəni inflyasiya və s. nəzərə alınacaq. Hələlik layihə Sumqayıt şəhərində həyata keçirilir, bu ilin III rübündə bir dağ, bir aran rayonunda, şimal bölgəsində Quba və Xaçmaz rayonlarında nəzərdə tutulub. Həmin rayonlarda yerləşən daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi də həyata keçiriləcək. Gələcəkdə digər ərazilərin, o cümlədən Bakının əhatə olunması nəzərdə tutulub", - deyə Komitə rəsmisi bildirib. 

Son xəbərlər

Orphus sistemi