Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub Sərt döngələrə və digər zəruri yerlərə qum-duz qarışığı səpilib
İnfrastruktur
4 Dekabr , 2015 17:33
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub

Bakı. 4 dekabr. REPORT.AZ/ Quba-Xınalıq avtomobil yolu artıq qardan təmizlənib və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Yolun 3 yerində baş vermiş qar uçqunun nəticələri aradan qaldırılıb. Yolun enişli-yoxuşlu yerlərinə, sərt döngələrə və digər zəruri yerlərə qum-duz qarışığı səpilib. Bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən "Report"a daxil olan xəbərdə bildirilir.

"Azəryolservis" sürücülərə müraciətində bildirir ki, həmin yoldan istifadə edərkən ehtiyatlı olsunlar: "Çünki Quba-Xınalıq yolunda qar uçqununun baş vermə ehtimalı qalmaqdadır. Bundan başqa, yola çıxarkən nəqliyyat vasitəsinin sazlığını yoxlamaq və qış təkərlərindən, təkərlər üçün xüsusi zəncirlərdən istifadə etmək də tövsiyə olunur".

Xatırladaq ki, dünən qar yağması nəticəsində Quba-Xınalıq yolu bağlanmışdı. Quba rayonunun Cek kəndinə avtomobillər çətinliklə də olsa gedib çıxa bilmişdi. Həmin kənddən yuxarıda isə yol tamamilə bağlanmışdı.

Ötən gün Qubaya yağan güclü qar rayonun Yerfi, Talış və Dərk kəndlərinə də gedən yolları bağlayıb. Həmin kəndlərdə qarın hündürlüyü 60 sm-i keçib. Qubanın digər yerlərində, Qarxun, Adur, Buduq, Qrız və Xınalıq kəndlərində qarın qalınlığı 40 sm-ə qədər qalxıb. Dağlıq ərazilərdə olan 10-dan çox kənddə elektrik enerjisinin verilişi dayandırılıb.

Son xəbərlər

Orphus sistemi