Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Quba rayonunun Zərdabi qəsəbəsində yeni subartezian quyularının istismara verilməsi ilə bağlı mərasim keçirilib.
“Azərsu” ASC-də “Report”a verilən məlumata görə, tədbirdə Zərdabi qəsəbəsində uzun illərdir içməli su probleminin olduğu qeyd olunub.
Qeyd olunub ki, Quba rayonunun Zərdabi qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi 3 900 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Qəsəbəni içməli su ilə təmin etmək məqsədi ilə 2 ədəd yeni subartezian quyusu qazılıb. Buradan götürülən su əvvəldən mövcud olan 12 km uzunluğunda magistral kəmərlə qəsəbə sakinlərinə çatdırılır. Hazırda qəsəbə sakinləri 4,5 km uzunluğu olan paylayıcı şəbəkə vasitəsi ilə içməli su alır. Həmçinin, su təchizatının dayanıqlığını təmin etmək üçün yerli bələdiyyə tərəfindən hər birinin tutumu 16 kubmetr olan 2 ədəd su çəni quraşdırılıb.
Qeyd edək ki, qəsəbənin içməli su təchizatı yerli bələdiyyə tərəfindən həyata keçirilir.