Qorxmaz Hüseynov: “İlin sonunadək 6 şəhərdə layihələrin icrasının yekunlaşması gözlənilir”

Qorxmaz Hüseynov: “İlin sonunadək 6 şəhərdə layihələrin icrasının yekunlaşması gözlənilir” Bu ilin I yarısında istehlakçılara 121 mln. kubmetr su verilib
İnfrastruktur
1 Avqust , 2017 17:11
Qorxmaz Hüseynov: “İlin sonunadək 6 şəhərdə layihələrin icrasının yekunlaşması gözlənilir”

Bakı. 1 avqust. REPORT.AZ/ “Azərsu” ASC-də 2017-ci ilin birinci yarım ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. 

Bu barədə “Report”a qurumun mətbuat ximdətindən məlumat verilib.

Məlumata görə, iclası giriş sözü ilə açan “Azərsu”nun sədri Qorxmaz Hüseynov ilin ilk 6 ayında su təsərrüfatı sektorunda əlamətdar hadisələrin baş verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, içməli su təchizatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilib: "Saatlı şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatıb, Prezident İlham Əliyevin iştirakı ilə layihənin açılış mərasimi keçirilib. Ötən dövrdə Xırdalan şəhərinin içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasına başlanılıb, Gəncə və Şəki şəhərində şəbəkələrin tikintisi sürətləndirilib. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 22 rayonun 170 yaşayış məntəqəsində layihələrin icrası uğurla davam etdirilir. Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan ərazilərdə səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrasına, həmçinin Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisinə başlanılıb. Əkin sahələrinin suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Zərdab rayonunda icra olunan layihə yekunlaşıb, Hacıqabul və Şamaxı rayonlarında isə işlər davam etdirilir”.

ASC sədri bildirib ki, 2017-ci ilin yanvar-iyun aylarında istehlakçılara 121 mln. kubmetr su verilib, 84 mln. kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Hesabat dövründə 133 km içməli su, 145 km kanalizasiya xətləri, 3 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 83 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 110 min nəfərin su təchizatı yaxşılaşdırılıb. Bununla da fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 66,2%-ə, Bakı şəhəri üzrə isə 81,1%-ə yüksəlib.

Sonra “Azərsu”nun sədr müavini Seymur Seyidov, Texniki istehsalat departamentinin rəisi Aydın Abbasov, Müştəri xidmətləri departamentinin rəisi Əbülfəz Kərimzadə, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, Pirallahı rayon Sukanal İdarəsinin rəisi Əli Kərimov hesabat məruzəsi ilə çıxış edərək müvafiq sahələr üzrə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat veriblər.

Q. Hüseynov Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin  icrasının davam etdiriləcəyini deyib. Onun sözlərinə görə, ilin sonuna qədər 6 şəhərdə layihələrinin icrasının yekunlaşması gözlənilir. Eyni zamanda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması, Bakı şəhərində səth sularının yığılma təhlükəsi olan ərazilərdə həyata keçirilən layihələrin başa çatdırılması nəzərdə tutulur.

ASC sədri iqtisadi səmərəliliyin artırılması, abunəçilərlə işin təkmilləşdirilməsi, müştəri informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, çoxmənzilli binaların zirzəmilərində təmir-bərpa işlərinin aparılması, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi