Qorağan-Qax-Zaqatala avtomobil yolu yenidən qurulur - FOTO

Qorağan-Qax-Zaqatala avtomobil yolu yenidən qurulur - FOTO Hazırda yeni yolun tikintisi işləri aparılır
İnfrastruktur
5 Mart , 2016 09:48
Qorağan-Qax-Zaqatala avtomobil yolu yenidən qurulur - FOTO

Bakı. 5 mart. REPORT.AZ/ Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb. "Report"un məlumatına görə, hazırda ərazidə torpaq işləri görülür, yeni yol əsasının tikintisi işləri aparılır. Prezident İlham Əliyevin 5 noyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, ilkin olaraq ayrılan 3 milyon manat vəsait hesabına yolun yenidənqurulması işləri həyata keçirilir.

“Şəki-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax-Zaqatala hissəsinin bərpası” layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 14 aprel 2009-cu il tarixli 80 saylı fərmanı əsasında həyata keçirilir. 3-cü texniki dərəcəyə aid olan yolun ümumi uzunluğu 29,8 kilometr, torpaq yatağının eni 12,0 metr, hərəkət zolağının sayı 2 olmaqla, hər bir zolağın eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, çiyində bərkidici zolağın eni 0,5 metrdir. Asfalt-beton örtüklü yolda hesabi sürət 80 km/saat nəzərdə tutulub.

Layihə çərçivəsində 8 000 kubmetr bitki-torpaq qatının qazılması, 550 000 kvadratmetr torpaq qazma işlərinin həyata keçirilməsi, 731 000 kubmetr karxana materiallarının daşınması və sərilərək kipləşdirilməsi işləri, 20 santimetr qalınlığında 320 000 kvadratmetr asfalt-beton qatının tikilməsi işləri aparılacaq.

Bundan başqa, 5 ədəd yeni körpünün tikintisi və 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası da nəzərdə tutulub.

Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 kilometrlik məsafə qısalaraq 36 kilometr olacaq.

Xatırladaq ki, ötən il noyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdi.

Son xəbərlər

Orphus sistemi