Qobustanın 4 kəndi içməli su ilə təmin ediləcək

Qobustanın 4 kəndi içməli su ilə təmin ediləcək Şəhərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi yerinə yetirib
İnfrastruktur
5 Avqust , 2016 17:10
Qobustanın 4 kəndi içməli su ilə təmin ediləcək

Bakı. 5 avqust. REPORT.AZ/ “Azərsu” ASC Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsini yerinə yetirib.

“Report”a “Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, “Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərininin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla şəhərdə 11,7 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihə çərçivəsində Qobustanın Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək. Ümumilikdə, layihədən 14 minədək sakin faydalanacaq. İnşasına ötən ilin may ayının 10-da başlanan layihə çərçivəsində 6 ədəd subartezian quyusu qazılıb, ümumi uzunluğu 1055 metr olan quyulararası xəttin 550 metrlik, 7,2 km magistral xəttin isə 6,9 km hissəsində işlər başa çatıb. Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2 min kubmetr olan 4 su anbarında isə tikinti işləri davam etirilir.

Şəhər üzrə layihələndirilən 61,4 km içməli su şəbəkənin 37 km-lik hissəsində işlər başa çatdırılıb, 850 yaxın evə birləşmə verilib. Eyni zamanda 59,2 km kanalizasiya şəbəkəsinin 46,8 km-lik hissəsində işlər yekunlaşıb, şəbəkə üzərində 1060 ədəd kanalizasiya baxış quyusu inşa edilib, 1653 ünvana birləşmə verilib.

Qobustan şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan tullantı sutəmizləyici qurğuda həyata keçiriləcək.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində Qobustanla yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qusar şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi artıq başa çatıb, tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq gedir, Qusarda su və kanalizasiya sistemlərinin tikintisi üzrə işlər yekunlaşmaq ərəfəsindədir, Xaçmaz və Xızıda isə içməli su və kanalizasiya sistemlərinin inşası işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi