Yuxarı

Qobustanda 11 700 nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşdırılacaq

Qorxmaz Hüseynov: Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb.

“Report” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, martın 10-da Qobustan şəhərində işlərə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib. Tədbirdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, bu gün 50-dən artıq rayonda içməli su və kanalizasiya layihələri icra olunur: "Bunların 40-da tikinti işlərinə başlanılıb. Artıq bu şəhərlərin bəzisində layihə tam başa çatıb, bəzisində içməli su şəbəkəsi üzrə işlər yekunlaşıb. Bu gün “Azərsu” ASC-nin sifarişi ilə 27-ci şəhərdə - Qobustanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılır. Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur". 

2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılıb, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları, anbarlar tikilib, Qobustan şəhərinə qədər 21 km uzunluğunda magistral kəmər çəkilib. Bu kəmərdən artıq rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. Bu gün icrasına başlanan yeni layihə çərçivəsində Qobustan şəhər əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdıracaq. İşlərin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur.

“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11 700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək.

Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün Təsi kəndi yaxınlığında 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3 800 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2 000 kubmetr olan 4 su anbarının, 7,1 km uzunluğunda anbarlararası xəttin inşası nəzərdə tutulur.

Layihə çərçivəsində Qobustan şəhərində 61,4 km uzunluğunda içməli su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcək. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin smart-kart tipli sayğacla təmin edilməsi nəzərdə tutulur.

Layihəyə uyğun olaraq Qobustan şəhərində kanalizasiya sistemi də yaradılacaq. Bu məqsədlə 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektoru tikiləcək və 2 875 ünvana birləşmə veriləcək. Qobustan şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2 500 kubmetr olan çirkab sutəmizləyici qurğuda həyata keçiriləcək.

Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Qobustan şəhərinin 42 km uzunluğunda mövcud su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermir. “Azərsu” ASC 8 700 nəfər əhalisi olan şəhərin cəmi 1 700 sakininə və ya təqribən 20%-nə xidmət edir, əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyir. Qobustan şəhərində kanalizasiya sistemi mövcud deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi