​Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin verilmə proseduru müəyyənləşib

​Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin verilmə proseduru müəyyənləşib Təqdim edilən sənədlərin saxta olması təsdiqlənərsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir
İnfrastruktur
10 Oktyabr , 2015 10:47
​Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin verilmə proseduru müəyyənləşib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nı təsdiq edib.

"Report"un məlumatına görə, bu qaydalar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki xidmət bölmələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir.

Fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının ərizələri və onlara əlavə edilmiş sənədlər elektron və kağız formalarda ərazi idarələrinin sənədlərin qəbulu və verilməsi şöbələrinin və xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilir. Xidmət bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilən sənədlər həmin gün ərazi idarələrinə göndərilir.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərazi idarələrinə və ya xidmət bölmələrinə müraciət edildikdə, müvafiq ərizə nəzərdə tutulmuş sənədlər təqdim edilməlidir.

Ərizəçi fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan), hüquqi şəxs olduqda – adı, hüquqi ünvanı, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin nömrəsi və tarixi, etibarnamənin nömrəsi və tarixi, əlaqə telefonları, ərizənin tələb olunan icra müddəti, məqsədi (daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı), əmlak haqqında məlumatlar (əmlakın növü və ünvanı) göstərməlidir.

Sənədlər ərazi idarələrinin rəhbərliyinin dərkənarına uyğun olaraq, dövriyyə vərəqi ilə birlikdə arxivə göndərilir. Daşınmaz əmlak obyekti üzrə arxiv araşdırılmasını həyata keçirən məsul şəxs tərəfindən sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılır və məlumatların uyğun olub-olmaması barədə qeydlər edilərək, ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 gün müddətində ərazi idarəsinin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatını aparan şöbəsinə təqdim olunur.

Ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir. Qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, sənədlərə əlavə edilmiş dövriyyə vərəqi imzalanmaqla, reyestr kitabı və qovluğu, habelə elektron daşıyıcılar üzərində müvafiq qeydiyyat aparıldıqdan sonra qeydiyyat icraçısı tərəfindən imzalanmış hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 gün müddətinə təsdiq edilməsi üçün ərazi idarəsinin rəhbərliyinə təqdim olunur.

Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş dövlət reyestrindən çıxarış və texniki sənədlər (texniki pasport, plan və ölçü) ərizəçiyə verilməsi məqsədi ilə 1(bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir.

Yekun olaraq, ərizəyə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arxivə təhvil verilir.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir.

Ekspertiza zamanı sənədlərin həqiqiliyinə ciddi şübhə yaranarsa, hüquqların dövlət qeydiyyatı 1 ay müddətinə dayandırılır. Bu barədə qeydiyyat şöbəsi ərizəçiyə 48 saat ərzində qeydiyyatın dayandırılmasınıəsaslandırmaqla, yazılı və ya elektron formada (müraciətin daxilolma formasından asılı olaraq) məlumat verir. Bu halda hüquqların dövlət qeydiyyatının dayandırılması ilə bağlı müxtəlif dövlət orqanlarına hazırlanmış sorğular həmin şöbə tərəfindən imzalanmaq üçün ərazi idarəsinin rəhbərliyinə təqdim edilir.

Sənədlərin saxta olması təsdiqlənərsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir, bu barədə daxili işlər orqanlarına məlumat verilir

5.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında 1 aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır.

Daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır.

Sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları aşkarlanarsa, onların bir və ya bir neçəsinə istinad edilməklə, hüquqların dövlət qeydiyyatından imtina edilməsi barədə əsaslandırılmış bildiriş imzalanmaq üçün ərazi idarəsinin rəhbərliyinə qeydiyyat şöbəsi tərəfindən təqdim edilir. Bu bildiriş və sənədlərin əsli ərizəçiyə müraciətin daxilolma formasından asılı olaraq bilavasitə və ya poçtla göndərilir, sənədlər elektron qaydada təqdim edildikdə isə yalnız bildirişin göndərilməsi üçün sənədlərin qəbulu və verilməsi şöbəsinə verilir. Qeyd edilən sənədlərin və bildirişin surətləri arxivə göndərilir.

İcarə (istifadə) hüququnun dövlət qeydiyyatı haqqında ərizə, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair müraciət (bu müraciətdə dövlət orqanının adı, ünvanı, onun nümayəndəsinə verilən etibarnamənin nömrəsi və tarixi, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilib, ünvan), nümayəndənin soyadı, adı və atasının adı, əlaqə telefonları göstərilir), ipotekanın dövlət qeydiyyatı haqqında ərizə sənədlərin qəbulu və verilməsi şöbəsi tərəfindən qəbul edilir.

Ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi alındığı tarixdən 3 gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş verilməlidir.

Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və belə əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında (ərizəyə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur) və daşınmaz əmlak tikintisinə icazə tələb olunan obyektdirsə yerli icra hakimiyyəti orqanı tərəfindən onun sökülməsinə verilmiş icazə əsasında ərazi idarəsi mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edildikdən sonra ərizəçiyə bildiriş və daşınmaz əmlakın məhv olunmamış hissəsinə dövlət reyestrindən çıxarış verilir.

Bundan əlavə, Nazirlər Kabineti “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ını təsdiq edib.

Son xəbərlər

Orphus sistemi