Yuxarı

Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu yenidən qurulub - VİDEO

Yolun yenidən qurulması bölgədə turizm və kənd təsərrüfatının inkişafına səbəb olacaq

Bakı. 22 iyun. REPORT.AZ/  Qəbələ rayonu Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu qısa müddət ərzində yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, IV texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 12,2 km, eni 6 metrdir. Torpaq yatağının eni ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Hər iki istiqamət üzrə mövcud çiyinlər bərkidilib, zəruri olan yerlərdə yeni çiyinlər qurulub.

Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ümumilikdə yolun 55 min kv.m-dən çox ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Aparılan kompleks tədbirləri zamanı avtomobil yolunun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəzlənib, yeni su keçidləri inşa olunub. Ümumilikdə, uzunluğu 113 metr olan 12 ədəd müxtəlif diametrdə və ölçüdə suötürücü boru tikilib və təmir olunub.

Bundan başqa, yolun 3,8-ci km-də, Tüntül kəndi ərazisində uzunluğu 5 metr, eni isə 7 metr olan 1 ədəd dəmir-beton körpü də inşa olunub.

Aparılan işlər çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd edək ki, yolun yenidən qurulması bölgədə turizm və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Bundan başqa, Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz şəkildə çıxışı təmin olunub, həmçinin insanların öz məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşıması imkanı yaranıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi