Qazaxıstanın İnvestisiya nazirinin müavini: "Bakı və Aktau arasında yük axını artıb"

Qazaxıstanın İnvestisiya nazirinin müavini: "Bakı və Aktau arasında yük axını artıb" Kasımbek Jenis: "Bu yükləri qəbul etmək üçün güclərimizi birləşdirməli və daha səylə çalışmalıyıq"
İnfrastruktur
16 Fevral , 2016 11:42
Qazaxıstanın İnvestisiya nazirinin müavini: Bakı və Aktau arasında yük axını artıb

Bakı. 16 fevral. REPORT.AZ/ "Əvvəllər Bakı-Aktau istiqamətində ildə min avtomobil keçirdi, indi isə bu cür axın ayda baş verir".

"Report" xəbər verir ki, bu sözləri Ələt beynəlxalq dəniz limanında jurnalistlərə açıqlamasında Qazaxıstanın İnvestisiya nazirinin müavini Kasımbek Jenis deyib.

O, bu gün Ukraynadan gələn yüklərin Aktauya əsasən Bakıdan keçməklə istiqamət aldığını qeyd edib: "Elə buna görə də Bakı limanı, Xəzər Dəniz Gəmiçiliyi ilə qarşılıqlı fəaliyyət yollarını və yük axınını necə idarə edəcəyimizi müzakirə etmək üçün biz bu gün buraya gəlmişik. Yəni bu yükləri qəbul etmək üçün güclərimizi birləşdirməli və daha səylə çalışmalıyıq. Axın həcminin böyüyəcəyini görürük. Bu marşrutu rəqabətqabiliyyətli edə bilsək, qiymətlər əlverişli, xidmət və çatdırılma vaxtı yaxşı olsa, bu axını itirməyəcəyik".

K.Jenis əlavə edib ki, Aktau limanından Bakıya əsasən metallurgiya və neft məhsulları göndərilir ki, onlar da sonradan Qara dəniz bölgəsinə gedir: "İndi yeni növ yüklər yaranır və biz azərbaycanlı həmkarlarımızla təcrübə mübadiləsi etmək üçün gəlmişik. Üstəlik, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır. Hesab edirik ki, bir il ərzində yükdaşımadakı vəziyyət kəskin şəkildə dəyişəcək".

Son xəbərlər

Orphus sistemi