Yuxarı
    Bağlamaq

    Qazanxanaların yaşayış binalarına bitişik olmasına icazə verilməyəcək - QƏRAR

    Yaşayış evlərinə, binalara bitişik qazanxananın quraşdırılması qızdırıcı qazan qaydalarına görə qadağandır

    Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi barədə qərar verib.

    "Report"un xəbərinə görə, sənəd təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növlərini və onların tətbiqi hallarını müəyyən edir.

    Təzyiq altında işləyən buxar və qızdırıcı qazanlar, təzyiq altında işləyən tutumların istismarı üzrə mühafizə tədbirləri bunlardır:

    Yaşayış evlərinə və kütləvi insan toplanan ictimai binalara bitişik qazanxananın quraşdırılması qızdırıcı qazan qaydalarına görə qadağandır. Bu ictimai binalara teatr, tədris müəssisələri, klublar, uşaq bağçaları, xəstəxanalar, soyunub-geyinmə otaqları və s. aiddir.

    Buxar təzyiqi 1,7 kq.q/sm2, temperaturu 115o C-dən yuxarı olan buxar qazanı nəzərdə tutulmuş qazanxanaların yaşayış binalarına bitişik və içərisində layihələndirilməsinə icazə verilmir.

    Buxar təzyiqi 1,7 kq.q/sm2, temperaturu 115o C-dən aşağı olan qazanlar nəzərdə tutulmuş qazanxananın ictimai binalara, istehsal müəssisələrinin, yardımçı binalarına bitişik qazanxananın layihələndirilməsinə icazə verilir.

    Dövlət qeydiyyatına alınan təzyiq altında işləyən qabların yaşayış, məişət, ictimai binalarda və onlara bitişik sahələrdə quraşdırılmasına icazə verilmir.

    İstehsalat və onlara bitişik binalarda təzyiq altında işləyən qabların quraşdırıldığı istehsalat sahəsindən əsaslı divarla ayrılarsa, həmin sahədə təzyiq altında işləyən qabların quraşdırılması mümkündür.

    İstismar zamanı buxar və suqızdırıcı qazanların, təzyiq altında işləyən tutumların dağılması, zədələnməsi və partlaması nəticəsində insanların zədələnmələrinin qarşısını almaq məqsədi ilə qazanlar və tutumlar 1-ci və 2-ci dərəcəli mühafizə sistemləri ilə təchiz edilməlidir:

    1-ci dərəcəli mühafizə sistemləri (aşağıda göstərilən hallarda odluğu söndürən qurğu qızdırıcı qazanlarda quraşdırılmalıdır):

    Qızdırıcı qazanın istilik daşıyıcısının təzyiqi layihədə göstərilən təzyiqdən yuxarı qalxdıqda,

    Odluğun girişində qazın təzyiqinin kəskin qalxması və düşməsi zamanı,

    Odluğun girişində süni havalandırmanın təzyiqinin aşağı düşdüyü zaman,

    Yuxarıda göstərilən parametrlərin son həddə çatdığı vaxt səs və işıq siqnalları işə düşməlidir,

    Bütün qızdırıcı qazanlarda 2-dən az olmayaraq qoruyucu klapan quraşdırılmalıdır,

    Qoruyucu klapanların əlavə yaranmış təzyiqi buxarma qabiliyyəti, onların nominal məhsuldarlığından az olmamalıdır,

    Hər bir təzyiq altında işləyən qab qoruyucu klapanla təchiz olunmalıdır (qoruyucu klapanlar təzyiq altında işləyən qabları yaranmış əlavə təzyiqdən qoruyur),

    Tutumda təzyiq icazə verilən təzyiqdən yuxarı qalxdıqda və xidməti heyətin cəhdinə baxmayaraq təzyiqi aşağı salmaq mümkün olmadıqda,

    Monometr işlək vəziyyətdə olmadıqda.

    2-ci dərəcəli mühafizə sistemləri aşağıdakılardır:

    Qazanın istilik daşıyıcısının səviyyəsi aşağı həddən aşağı düşdükdə,

    Qazanın istilik daşıyıcısının səviyyəsi yuxarı həddən yuxarı qalxdıqda,

    Qazanın istilik daşıyıcısının temperaturu layihədə göstərilən həddən yuxarı qalxdıqda,

    Genişləndirici çəndə istilik daşıyıcısının səviyyəsinin aşağı həddə düşdükdə,

    Odluqda yanmanın azaldığı vaxt,

    Odluqda məşəlin söndüyü vaxt.

    Əlavə yaranmış təzyiq hesablama təzyiqindən 10% yuxarı qalxdıqda, qoruyucu klapan qazanı əlavə təzyiqdən qoruyur.

    Təzyiq altında işləyən qablar aşağıda göstərilən hallarda dərhal qəza vəziyyətinə görə saxlanılmalıdır:

    Tutumda nasazlıq yarandıqda,

    Tutumun və ya onun elementlərinin kipləşdiricilərində boşluq aşkarlandıqda.

    Qızdırıcı qazan, qaldırıcı və energetika obyektlərinin istismarı üzrə qəzaların ləğvi planları işlənilməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi